...

"Unibank" Bakıda ilk 24 saatlıq xidmətini açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2012 13:33 (UTC +04:00)
Müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə Azərbaycan bankı "Unibank" Bakıda gecə-gündüz fasiləsiz çalışan "UNİ 7/24" xidmətini açıb.
"Unibank" Bakıda ilk 24 saatlıq xidmətini açdı

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə Azərbaycan bankı "Unibank" Bakıda gecə-gündüz fasiləsiz çalışan "UNİ 7/24" xidmətini açıb.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, paytaxtın "Sahil" metrostansiyasına yaxın olan və Bülbül prospekti, 10 ünvanında yerləşən bankın 17 saylı filialı fevralın 1-dən, istirahət və bayram günləri də daxil olmaqla, sutkalıq iş rejiminə keçirilib. Bununla da, "Unibank" ölkədə gecə-gündüz tam fasiləsiz fəaliyyət göstərən ilk filialını yaradıb.

Sutkanın istənilən vaxtında "Unibank" müştəriləri təcili pulköçürmə sistemlərinin xidmətlərindən istifadə etmək, kommunal ödənişlər aparmaq, mobil rabitə operatorları, habelə internet-provayderlər və kabel televiziya şəbəkələri üzrə abunə haqqlarını ödəmək, yol polisinin cərimələri üzrə ödənişlər etmək, valyuta dəyişmək, kreditlər üzrə cari ödənişlər aparmaq imkanı əldə edirlər. Bankın göstərdiyi xidmətlərdən müştərilər yalnız kreditləşdirmə, depozitlərin açılması və plastik kartların sifarişini gündüz vaxtı, yəni saat 09:00-dan 16:00-dək apara biləcəklər.

Bankın 17 saylı filialı müştərilərə gecə-gündüz fasiləsiz "UNİ 7/24" xidmətinin göstərilməsi üçün bütün zəruri avadanlıq, terminallar, kommunikasiya və proqram təminatı ilə təchiz olunub. Yaxın zamanda isə adıçəkilən filialda müştərilərə kart hesablarına nağd vəsaitlər yatıra biləcək "cash-in" bankomatının xidmətləri də təklif olunacaq.

"Unibank"ın xidmət şəbəkəsi hazırda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Mingəçevir, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən 24 filialdan ibarətdir. Bunların vasitəsilə bank 220 mindən artıq fərdi və korporativ müştəriyə yüksək səviyyəli xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti