...

ÜTT-nin dörd üzvü Azərbaycanla ikitərəfli danışıqlara razıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 11:18 (UTC +04:00)
Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq prosesi çərçivəsində fevralda Cenevrədə ikitərəfli danışıqlar aparmaq üçün dörd ölkədən razılıq alıb.
ÜTT-nin dörd üzvü Azərbaycanla ikitərəfli danışıqlara razıdır

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq prosesi çərçivəsində fevralda Cenevrədə ikitərəfli danışıqlar aparmaq üçün dörd ölkədən razılıq alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

"Onlar ABŞ, Avropa İttifaqı, Kanada və Ekvadordur. Lakin danışıqlara Norveç və Yaponiyanın da qoşulması mümkündür", - Məmmədquliyev deyib.

Çoxtərəfli danışıqların növbəti mərhələsi fevralın 24-də Cenevrədə keçiriləcək.

Sonuncu görüş (çoxtərəfli danışıqların səkkizinci raundu) 2010-cu il oktyabrın 18-də Cenevrə şəhərində keçirilib. Həmin il oktyabrın 19-22-də isə ABŞ, Aİ, Kanada, Yaponiya, Norveç, İsveçrə, Çinin Tayvan əyaləti və ÜTT-nin digər üzvləri ilə mal və xidmət məsələləri üzrə ikitərəfli görüşlər keçirilib.

2011-ci il iyulun 25-29-da Azərbaycan nümayəndə heyəti Cenevrədə bir sıra ölkələrlə, o cümlədən Aİ, Ekvador, İsveçrə, Braziliya və Çinlə ikitərəfli görüşlər keçirib. ABŞ çoxtərəfli danışıqların gedişatında Azərbaycanın işçi qrpu ilə görüşmək istəyini bildirib.

Azərbaycanın ÜTT ilə çoxtərəfli danışıqlarının növbəti mərhələsi çərçivəsində üzv ölkələr üçün Azərbaycanın təklifi üzrə "Factual Summary" yeni toplu hesabatı müzakirə olunacaq. Azərbaycan hökuməti əvvəllər ÜTT-yə üzv olan dövlətlərin suallarına cavablarını Katibliyə təqdim edib. Bunun əsasında Katiblik "Factual Summary" adlı hesabat hazırlayıb. Sənəd Azərbaycanın ÜTT-yə üzv olması üzrə gördüyü işlər barədə hesabatı əhatə edir.

Xəbər lenti

Xəbər lenti