...

Azərbaycan Mərkəzi Bankı 2017-ci ilədək nağdsız ödənişlərin inkişaf istiqamətini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 19:15 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) 2012-2016-cı illər üçün ölkədə nağdsız ödənişlərin inkişafı üzrə dövlət proqramı layihəsinin hazırlığını başa çatdırıb.
Azərbaycan Mərkəzi Bankı 2017-ci ilədək nağdsız ödənişlərin inkişaf istiqamətini müəyyənləşdirib

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) 2012-2016-cı illər üçün ölkədə nağdsız ödənişlərin inkişafı üzrə dövlət proqramı layihəsinin hazırlığını başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" forumunda çıxış edən AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova bildirib.

"Elektron xidmətlərin əhatəsinin genişləndirilməsi məqsədilə AMB beşillik yeni dövlət proqramı hazırlayıb", - Qurbanova deyib.

Onun sözlərinə görə, proqramın əsas istiqamətləri elektron ödənişlərin həyata keçirilməsi üçün infrastrukturun genişləndirilməsi, institusional bazanın gücləndirilməsi, onlardan istifadənin səmərəliyinin artırılması, əhali arasında maarifləndirici işlərin aparılması, bu xidmətlərdən istifadəyə əhali və iqtisadi subyektlərin daha fəal cəlb edilməsidir.

"Bu gün ölkədə "Elektron hökumət" proqramı üzrə layihələrin dövlət strukturları tərəfindən həyata keçirilməsi çərçivəsində internet vasitəsilə vergi və dövlət rüsumlarının ödənilməsi, bankların təqdim etdiyi elektron xidmətlərin çeşidinin genişləndirilməsi, o cümlədən POS-terminallar, poçt operatorlarının rayon və kənd yerlərində təklif etdiyi xidmətlər kimi istiqamətlər üzrə nağdsız ödənişlərin əhatəsinin genişləndirilməsi üçün imkanlar var", - Qurbanova qeyd edib.

AMB-nin iri ödənişlər (AZIPS) və kiçik ödənişlər (HONKS) üzrə milli ödəniş sistemləri "2005-2007-ci illər üçün milli ödəniş sisteminin inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində yaradılıb. HONKS bazasında kommunal ödənişlər üzrə mərkəz yaradılıb. O, onlayn rejimdə vəsaitləri köçürməyə və hesabatları almağa imkan verir. Bunun nəticəsində ayrı-ayrı banklarda sui-istifadə hallarından yayınmaq üçün imkan yaranır.

Habelə, AMB yanında ölkədə ikinci "MilliKart" MMC yaradılıb ki, sonradan 18 kommersiya bankının idarəçiliyinə verilib. Hazırda Azərbaycanda beş prosessinq mərkəzi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti