...

Azərbaycanda üzümçülüyün inkişafına güzəştli kreditlərin verilməsinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2012 17:20 (UTC +04:00)
2012-ci ilin əvvəlindən 184 investisiya layihəsinin maliyyələşdirilməsinə 30 milyon manatlıq güzəştli kredit ayrılıb.
Azərbaycanda üzümçülüyün inkişafına güzəştli kreditlərin verilməsinə başlanılıb

Azərbaycan, Bakı, 10 fevral /Trend/

2012-ci ilin əvvəlindən 184 investisiya layihəsinin maliyyələşdirilməsinə 30 milyon manatlıq güzəştli kredit ayrılıb. Trend-in məlumatına görə, bu barədə Salyan rayonunun Qardili kəndində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə keçiirlən "Sahibkarlığın inkişafına dövlət dəstəyi" adlı tədbirdə Fondun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.

"Həmin layihələrin reallaşdırılması 850-dək yeni iş yerinin yaradılmasına imkan verəcək", - Abdullayev deyib.

2012-ci ildə SKMF-nin xətti ilə 200 milyon manat məbləğində güzəştli kreditin verilməsi planlaşdırılır.

Onun sözlərinə görə, bu il SKMF intensiv üzümçülük təsərrüfatlarının yaradılmasına yönəldilmiş üç investisiya layihəsini maliyyələşdirib. Bu layihələrin maliyyələşdirilməsi 2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi çərçivəsində reallaşdırılacaq.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Salyan və ətraf rayonlarda fəaliyyət ğöstərən 31 sahibkarlıq subyektinə 7,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 190-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə 100-dək sahibkar iştirak edib.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi təşkilatın ümumi sayı 38 olan müvəkkil bankları və bank olmayanakredit təşkilatları tərəfindən həyata keçirilir.

Fevralın 10-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti