...

Azərbaycanda qaytarılan kreditlər hesabına biznesin kreditləşdirilməsi 7,3 dəfə artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 13:02 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) fəaliyyət göstərdiyi müddətdə 12,5 mindən çox sahibkara 720 milyon manat məbləğində güzəştli kredit verib.
Azərbaycanda qaytarılan kreditlər hesabına biznesin kreditləşdirilməsi 7,3 dəfə artacaq

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir Ə.Həsənov /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) fəaliyyət göstərdiyi müddətdə 12,5 mindən çox sahibkara 720 milyon manat məbləğində güzəştli kredit verib. Trend-in məlumatına görə, bu barədə fondun icraçı direktoru Şirzad Abdulalyevin cümə axşamı "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində deyilir.

"Həmin vəsaitlərdən 60 faizi aqrar sahənin inkişafına, o cümlədən 80 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20 faizi aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrin yaradılmasına yönəldilib", - Abdullayev deyib.

Güzəştli kredir vəsaitlərinin 80 faizi respublikanın regionlarının, 20 faizi Bakı qəsəbələrinin payına düşür. Həmin güzəştli kreditlərin hesabına 95 mindən artıq iş yeri açılıb.

"Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətləndirilməsi və və yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi məqsədilə SKMF son 3 ildə yeni texnologiyalara əsaslanan 185 investisiya layihəsinə 313 milyon manat güzəştli kredit ayırıb. Bu layihələrin ümumi dəyəri 707 milyon manat təşkil edir", - Abdullayev deyib.

Onun sözlərinə görə, bu layihələrdən 48 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20 faizi sənaye məhsullarının istehsalı və emalına, 29 faizi taxıl və soyuducu anbarların yaradılmasına, 3 faizi isə digər sahələrə aiddir. İnvestisiya layihələrinin 88 faizi artıq başa çatıb, digər investisiya layihələri üzrə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Fondun vəsaitləri hesabına 2008-2011-ci illərdə verilmiş güzəştli kreditlər üzrə qaytarılan vəsaitlər hesabına 2008-ci ildə 15 milyon manat, 2009-cu ildə 56 milyon manat, 2010-cu ildə 71 milyon manat, 2011-ci ildə 104 milyon manat sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

"2012-ci ildə bu göstəricinin 110 milyon manat olacağı planlaşdırılır. Bununla da 2008-ci illə müqayisədə 2012-ci ildə geri qaytarılan kreditlər hesabına verilən güzəştli kreditlərin həcminin 7,3 dəfə artacağı gözlənilir", - fond rəhbəri bildirib.

Abdullayevin sözlərinə görə, 2011-ci ildə sahibkarlıq subyektləri SKMF-nin xətti ilə 138 milyon manat güzəştli kredit alıblar ki, bu da SKMF-nin fəaliyyətinin bütün tarixi ərzində ən yüksək göstəricidir.

"2012-ci ildə bu göstərici artıq 200 milyon manat səviyyəsində planlaşdırılır ki, bundan 110 milyon manatı qaytarılan kreditlər, 90 milyon manatı isə Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitlər təşkil edəcək", - Milli Fondun rəhəbri deyib.

Xəbər lenti

Xəbər lenti