...

Azərbaycanın qərb bölgəsinin sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2012 16:24 (UTC +04:00)
Sahibkarlığa Komək Milli Fondu (SKMF) Gəncə şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Azərbaycanın qərb bölgəsinin sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Komək Milli Fondu (SKMF) Gəncə şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 6-da Gəncə şəhərinin Sadıllı qəsəbəsində keçirilən tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Gəncə şəhəri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir quşçuluq kompleksinin yaradılması;
- müasir toxuculuq fabrikinin yaradılması;
- kiçik və ya orta həcmli müasir istixana təsərrüfatlarının yaradılması.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün SKMF-yə müraciət etmək olar.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17

Xəbər lenti

Xəbər lenti