...

Azərbaycanda epidemioloji sabitlik təmin olunmuşdur - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 01:25 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Azərbaycanda epidemioloji sabitlik təmin olunmuşdur - nazir

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

İclasda səhiyyə naziri Oqtay Şirəliyev çıxış etmişdir.

Nazirin sözlərinə görə, son bir neçə ildə ölkəmizdə 417 səhiyyə müəssisəsində tikinti və yenidənqurma işləri aparılmış, onlar müasir tibbi avadanlıq və cihazlarla təchiz olunmuşdur.

"Xüsusilə əlamətdardır ki, onların böyük bir qismi dövlət rəhbərinin bilavasitə iştirakı və xeyir-duası ilə açılıb istifadəyə verilmişdir.

İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin və yatırılan investisiyaların artırılması, Azərbaycan Prezidentinin ehtiyat fondundan verilən vəsait səhiyyənin ən aktual problemlərinin həlli üçün geniş imkanlar açır", - Şirəliyev deyib.

Onun sözlərinə görə, yeni səhiyyə ocaqlarının yaradılması prosesi bu il də davam etdirilir.

"Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına hazırda Bakı şəhərində müasir çoxprofilli klinikanın - Bakı Sağlamlıq Mərkəzinin, Respublika Uşaq Vərəm Xəstəlikləri Sanatoriyasının, Ağsu və Yevlax rayonlarında yeni xəstəxanaların tikintisi gedir.

Səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramları da uğurla icra olunur. Onların arasında ana və uşaq sağlamlığı üzrə proqram xüsusi əhəmiyyət daşıyır. Perinatal mərkəzlərin yaradılması, doğuşayardım xidmətinin təkmilləşdirilməsi, xarici mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərin nəticəsi olaraq, ölkədə uşaq və ana ölümü göstəriciləri son illərdə dinamik şəkildə ilbəil azalır. 2006-cı illə müqayisədə 2011-ci ildə ölkəmizdə ana ölümü əmsalı 34,2-dən 15,2-yə enmiş, uşaq ölümü göstəricisi 12,7-dən 10,8-dək azalmışdır", - nazir deyib.

Şirəliyev bildirib ki, dövlət proqramları çərçivəsində səhiyyənin strateji əhəmiyyətli sahələrindən olan donor qanı ilə təminat və qanın təhlükəsizliyi məsələlərinə də böyük diqqət yetirilir.

"Qan xidmətinin strukturunun təkmilləşdirilməsi, səkkiz regional qan bankının yaradılması, ölkə başçısının xüsusi Sərəncamı ilə bu xidmətdə çalışan işçilərin əməkhaqlarının iki dəfə artırılması ümumilikdə bu sahənin inkişafına xidmət edəcəkdir.

Hər bir ölkədə epidemioloji vəziyyət tək səhiyyənin deyil, ümumi inkişafın göstəricisidir. Son dövrlərdə qonşu ölkələrdə bəzi yoluxucu xəstəliklərin alovlanmaları baş versə də, Azərbaycanda həm vaksinasiya, həm də digər tədbirlər sayəsində epidemioloji sabitlik təmin olunmuşdur. Belə ki, əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq bir neçə ildir ki, bu infeksiyadan azad ölkəyə çevrilmişdir. Digər idarəolunan xəstəliklərdən difteriya, qızılca, məxmərək və sair son bir neçə ildə ya ümumiyyətlə qeydə alınmamış, ya da eliminasiya səviyyəsinə endirilmişdir", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti