...

Vətəndaş müraciətləri onların şəxsən iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 13:55 (UTC +04:00)
Əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin onların şəxsən iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.
Vətəndaş müraciətləri onların şəxsən iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılır (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin onların şəxsən iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 3 may 2012-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov tərəfindən İsmayıllı rayonunda həmin rayon və ətraf rayonlar üzrə daha bir qrup vətəndaş qəbul edilib və onların Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladıqları şikayət ərizələri araşdırılıb.

Nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələri araşdırılarkən ayrı-ayrı vətəndaşların sosial qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız şikayət ərizələri yazdıqları məlum olub və həmin insanlara qanunvericilik barədə izahatlar verilib.

Bununla yanaşı, şikayət ərizələrinin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi müəyyən edilib. Nazir müavini İlqar Rəhimov vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi, hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verib.

Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb edilmələri qərara alınıb.
Məlumat üçün bildirək ki, 2011-ci il və cari ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif bölgələrdə 800 nəfərdən çox vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb. Həmin müraciətlərin böyük qisminin daha çox sorğu xarakterli olduğu məlum olub. Həyata keçirilən belə tədbirlər nazirliyin fəaliyyət dairəsinə aid sahələrlə bağlı şikayət xarakterli müraciətlərin sayının azalması ilə nəticələnir.

Xəbər lenti

Xəbər lenti