...

"Paşa Bank" və "Junior Achievement" gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 15:29 (UTC +04:00)
"Paşa Bank" ASC və "Junior Achievement Azərbaycan" təşkilatı Bakıda və Qubada yaşayan gənclər arasında kiçik və orta sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni proqramın icrasına başlayırlar.
"Paşa Bank" və "Junior Achievement" gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərir

Azərbaycan, Bakı, 3 may /Trend/

"Paşa Bank" ASC və "Junior Achievement Azərbaycan" təşkilatı Bakıda və Qubada yaşayan gənclər arasında kiçik və orta sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni proqramın icrasına başlayırlar.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, "Davamlı müəssisənin inkişaf proqramı" adlanan yeni layihə gənclər tərəfindən idarə edilən kiçik və orta müəssisələr yaradaraq, əlverişli mühit və imkanların toplanması vasitəsilə onların səmərəliliyini təkmilləşdirəcək.

2012-ci il ərzində proqrama kiçik və orta müəssisənin yaradılmasında maraqlı olan və ya bu işlə məşğul olan 18-27 yaşlı 60 iştirakçı cəlb ediləcək. Proqramın təqdimatı Bakı və Quba şəhərlərinin ali məktəblərində, kolleclərdə, gənclər təşkilatlarında və digər ictimai yerlərdə keçiriləcək. Seçim prosesi ərizəçilərin sahibkarlıq fəaliyyətinə dair təcrübə və marağının olması, təklif etdiyi biznes ideyanın yenilikçi xüsusiyyətləri və proqramı bitirdikdən sonra reallaşdırılması nəzərdə tutulan şəxsi fəaliyyət planına əsaslanacaq.

"Junior Achievement Azərbaycan" təşkilatı proqram iştirakçılarına müəssisənin yaradılmasında kömək edəcək, onlar üçün müvafiq sahibkarlıq təlimləri təşkil edəcək, biznes konsaltinq, maliyyə imkanlarından səmərəli istifadə və öz məhsul və xidmətlərini sərgilərdə təqdim etdirmək imkanı yaradacaq.

Yeni layihə ölkədə kiçik və orta sahibkarlığın inkişafına, maliyyə imkanlarının əldə edilməsinə və sağlam biznes mühitinin formalaşmasına kömək göstərəcək. Layihənin sonunda iştirakçı müəssisələr öz məhsul və xidmətlərini sərgi tipli tədbirdə təqdim etmək imkanı əldə edəcəklər.

"Paşa" şirkətlər qrupuna daxil olan "Paşa Bank" ASC 2007-ci ilin iyun ayında təşkil edilib və Azərbaycan Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. Bank Azərbaycanda sürətlə inkişaf edən korporativ və özəl sektoru təmsil edən şirkətlərə beynəlxalq səviyyəli bank xidmətləri göstərmək məqsədilə yaradılıb. Bankın əsas məqsədi daim genişlənməkdə olan müştəri kontingenti ilə uzunmüddətli münasibətlər yaradaraq onları inkişaf etdirmək, eləcə də Dürüstlük, Keyfiyyət və Gəlirlilik kimi üç başlıca dəyər üzərində qurulmuş ən yüksək beynəlxalq səviyyəli bank xidmətləri göstərməkdir. Nizamnamə kapitalının həcminə (136,8 milyon manat) görə bank yerli bazarda ikinci yer tutur.

"Junior Achievement Azərbaycan" (JAA) biznes tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya JA Təşkilatının yerli təmsilçisidir. "Junior Achievement"in missiyası gəncləri dünya iqtisadiyyatında uğur qazanmaq üçün ruhlandırmaq və hazırlamaqdır. 1919-cu ildə təsis olunan JA təşkilatı dünya üzrə gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verməkdədir. Yerli təmsilçilər vasitəsilə JA proqramları dünyanın 116 ölkəsində tədris olunur. Azərbaycanda 1998-ci ildən fəaliyyətə başlayan "Junior Achievement" ictimai və fərdi donorların dəstəyi ilə ölkənin 26 bölgəsində 260 məktəbi təmsil edən minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçib.

Xəbər lenti

Xəbər lenti