...

Apreldə Bakının mənzil bazarında fəallıq artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2012 16:17 (UTC +04:00)
Apreldə daşınmaz əmlak bazarında aktivlik əvvəlki ay ilə müqayisədə artıb ki, bu da əsasən qeyri-yaşayış sahələri bazarında və kirayə bazarında aktivliyin artması ilə əlaqədardır.
Apreldə Bakının mənzil bazarında fəallıq artıb

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Ə.Həsənov/

Apreldə daşınmaz əmlak bazarında aktivlik əvvəlki ay ilə müqayisədə artıb ki, bu da əsasən qeyri-yaşayış sahələri bazarında və kirayə bazarında aktivliyin artması ilə əlaqədardır. Trend-in məlumatına görə, bu barədə cümə günü "MBA Group" konsaltinq şirkətinin yaydığı məlumatda deyilir.

"Bu artım bazarda müşahidə edilən stabilliyin göstəricisidir və torpaq və kommersiya obyektlərinin alqı-satqısı üçün mövsümi ayların başlanması ilə izah olunur", - məlumatda bildirilir.

Ay ərzində satış portfelində ucuz evlərin payı 0,8 faiz artaraq 58,1 faiz, bahalı qiymətə satılan evlər isə 41,9 faiz təşkil edib.
Apreldə təkrаr mənzil bаzаrındа təklifin sayı 14,3 faiz, bаğlаnаn əqdlərin sayı 0,3 faiz artaraq müvafiq olaraq 4005 təklif və 1191 satış, əmlakın ekspozisiya müddəti isə stabil olaraq 97 gün təşkil edib.

"Təklif portfelində köhnə mənzillərin paylarının azalması davam edib, əvəzində isə yeni tikililərin payı artmaqdadır. Bütün bunlarla yanaşı, mənzil bаzаrında dəyişən strukturla qiymət indeksi ay ərzində 0,5 faiz аrtаrаq 6,39, daimi strukturla isə 0,8 faiz artaraq 6,39 bəndində qərаrlаşıb", - məlumatda deyilir.

Cari ilin aprelində təkrar mənzil bazarında mənzilin 1 kvadratmetrin orta hesabla qiyməti 1432 dollardan 1437 dollaradək artıb. Bahalı mənzillərin orta hesabla qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artıb ki, bu da təklif portfelində bahalı mənzillərin çoxalması ilə izah olunur.

Məlumata əsasən, apreldə təklif edilən mənzillərin çoxu Bakının Yasamal (23,3 faiz), Nəsimi (22,2 faiz) və Nərimanov (20,2 faiz) rayonlarında olub.

"Təkliflərin böyük hissəsi yeni tikililərdə təmir edilən mənzillərdir (1554). Bundan başqa, əksəriyyətini "leninqrad" (576) və eksperimental (396) layihəli mənzillər, "xruşovkalar" (507), "stalinkalar" (375) və digərləri təşkil edir", - məlumatda deyilir.

Təkliflər portfelində birotaqlı mənzillərin payı 15,6 faizə, ikiotaqlı mənzillərin payı 32,3 faizə çatıb, portfelin böyük hissəsini isə üçotaqlı (39,7 faiz) mənzillər təşkil edib.

Xəbər lenti

Xəbər lenti