...

Dövlət Sosial Müdafiə Fondu qeyri-büdcə sektoru üzrə proqnozu 105,8 faiz icra edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 11:24 (UTC +04:00)
İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1087,0 mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 284,7 mln. manat və ya 35,5 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondu qeyri-büdcə sektoru üzrə proqnozu 105,8 faiz icra edib

Azərbaycan, Bakı, 8 iyun /Trend/

İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1087,0 mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 284,7 mln. manat və ya 35,5 faiz çoxdur.

DSMF-dən Trend-ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 13,2 faiz və ya 61,3 mln. manat artaraq 524,7 mln. manat təşkil etmişdir.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,7 faizi və ya 313,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 14,5 faiz və ya 39,7 mln. manat artmış, proqnoz isə 105,8 faiz icra olunmuşdur. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 12,9 faiz artmışdır.

2012-ci ilin yanvar-may aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 211,7 mln. manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4 faiz və ya 21,6 mln. manat artmışdır.

Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 2,0 mln. manat təşkil etmişdir.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.

2012-ci ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1011,0 mln. manat olmuşdur.

Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 994,4 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 253,1 mln. manat və ya 34,1 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 35,1 faiz və ya 252,3 mln. manat artaraq 971,7 mln. manat təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunmuşdur.

2012-ci ilin yanvar-may aylarında əhaliyə 22,8 mln. manat məbləğində müavinət ödənilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 16,5 mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,96 mln. manat və ya 5,5 faiz azdır.

Xəbər lenti

Xəbər lenti