...

Azərbaycan Beynəlxalq Sığorta Forumu hər il keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2012 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir A.Axundov/

"Qafqaz regionunda yeni perspektivlər" mövzusunda Azərbaycan Beynəlxalq Sığorta Forumu - AIIF-2012 xarici biznes cəmiiyyətlərinin sığorta bazarı haqqında məlumatlandırılmasına dair qarşıya qoyulan məqsədə nail olub.

Trend-in məlumatına görə, bu barədə forumun təşkilatçısı qismində çıxış edən Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Azər Əliyev bildirib.

Forum iyulun 4-də başlayıb və cümə axşamı öz işini başa çatdırıb.

"Forum yaxşı keçdi. Hesab edirəm ki, məqsədə nail olduq. Bu, ikitərəfli görüşlər, təcrübə mübadiləsi, başqa ölkələrdən Azərbaycana çoxlu sayda sığorta bazarı iştirakçılarının dəvət edilməsi idi. Budəfəki forumda 21 ölkənin nümayəndəsi iştirak edirdi, halbuki ötən il yeddi ölkənin nümayəndələri təmsil olunmuşdu. Keçən ildən başlayaraq, biz xaricdə Azərbaycanın sığorta bazarının uğurları barədə məlumatlandırmağa çalışırıq", - Əliyev deyib.

Onun sözlərinə görə, forumun gedişində çoxlu sayda ikitərəfli görüşlər keçirilib.

"O cümlədən, Dövlət Sığorta Nəzarəti Xidməti, İcbari Sığorta Bürosu və nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə "Yaşıl kart" beynəlxalq sisteminin rəhbərliyi arasında görüş olub. Eləcə də özəl şirkətlər arasında çoxlu görüşlər keçirilib", - Əliyev bildirib.

Onun sözlərinə görə, forum ənənəyə çevrilib və gələn il də keçiriləcək.

"Biz forum və sığorta olimpiadası kimi tədbirlərin hər il keçirilməsini müəyyənləşdirdik", - Əliyev deyib.

Forumda Qafqaz regionunun sığorta bazarının icmalı aparılıb, Qafqaz və Mərkəzi Asiya ölkələrində təkrar sığortanın perspektivləri, icbari sığorta növləri, bazarın inkişafında onların effektivliyi, inkişaf edən bazarlarda həyat sığortası müzakirə olunub.

AIIF Qafqazda bu regionda inkişafın nisbətən daha vacib tendensiyalarını və perspetivlərini işıqlandıran sığorta və təkrar sığorta bazarına həsr olunmuş ən iri tədbirdir.

Xəbər lenti

Xəbər lenti