...

Azərbaycan Hesablama Palatasının əməkdaşları Türkiyədə təlim keçiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2012 19:02 (UTC +04:00)
Hesablama Palatasının nümayəndə heyəti Türkiyə Respublikasının Hesablama Məhkəməsində (Sayıştay) təlim keçib.
Azərbaycan Hesablama Palatasının əməkdaşları Türkiyədə təlim keçiblər

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Hesablama Palatasının nümayəndə heyəti Türkiyə Respublikasının Hesablama Məhkəməsində (Sayıştay) təlim keçib.

Trend-in məlumatına görə, Palatanın rəsmi saytında dərc olunan məlumatda qeyd olunur ki, Hesablama Palatasının 2012-2014-cü illər üçün Strateji İnkişaf Planında və CAPSAP layihəsi üzrə göstəriləcək məsləhətçi xidmətləri çərçivəsində dövlət maliyyə idarəçiliyində hesabların təhlili sahəsində Palatada potensialın yaradılmasına xüsusi önəm verilir. Bununla əlaqədar olaraq CAPSAP üzrə məsləhətçi xidmətləri göstərəcək konsorsiumla daha səmərəli əməkdaşlıq etmək üçün Palata əməkdaşları tərəfindən dövlət hesabları üzərində nəzarət sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi prioritet məsələlərdən biri kimi çıxış edir. Kənar dövlət maliyyə nəzarəti sisteminin bu komponenti üzrə Türkiyə Hesablama Məhkəməsinin (Sayıştay) kifayət qədər zəngin təcrübəyə malik olması nəzərə alınaraq Sayıştayın bu sahədəki təcrübəsini öyrənmək məqsədilə Hesablama Palatasının nümayəndə heyəti 16-20 iyul 2012-ci il tarixində Sayıştayda təlim keçib.

Nümayəndə heyəti Sayıştay rəhbəri Recai Akyel tərəfindən qəbul edilib, təlimin səmərəli təşkil edilməsi və keçirilməsi üçün Sayıştayın aidiyyəti struktur bölmələrinə müvafiq göstərişlər verilib.

Təlim zamanı nümayəndə heyətinə Türkiyə Sayıştayı haqqında ümumi məlumat, dövlət hesabları üzərində nəzarət sahəsində Sayıştayın təcrübəsi, dövlət qurumlarında mühasibatlığın ümumi prinsipləri, maliyyə auditinin təşkili və aparılması, kompüterin dəstəyilə audit vasitələrinə (CAAT) əsaslanan audit və bu sahədə mövcud təcrübə, dövlət qurumlarında hesabların bağlanılması və mərkəzdə bu sahə üzrə həyata keçirilən tədbirlər, habelə təlim və ixtisasartırma proqramlarının dəyərləndirilməsi barədə müfəssəl məlumatlar verilib, ayrı-ayrı mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təlimin sonunda nümayəndə heyətinin üzvlərinə Sayıştay rəhbəri Recai Akyel tərəfindən sertifikatlar verilib.

Xəbər lenti

Xəbər lenti