...

Azərbaycanda daha 105 aztəminatlı ailə "Özünədəstək" layihəsinə cəlb olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2012 15:23 (UTC +04:00)
Aztəminatlı ailələrin mövcud potensialları müqabilində şəxsi təsərrüfatlarını inkişaf etdirmələri və özünütəminetmə imkanlarına yiyələnmələri üçün onlara aktiv formada dəstək verilməsini nəzərdə tutan "Özünədəstək" - Birdəfəlik ünvanlı sosial yardım proqramının icrası işləri uğurla davam etdirilir.
Azərbaycanda daha 105 aztəminatlı ailə "Özünədəstək" layihəsinə cəlb olunub (FOTO)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Aztəminatlı ailələrin mövcud potensialları müqabilində şəxsi təsərrüfatlarını inkişaf etdirmələri və özünütəminetmə imkanlarına yiyələnmələri üçün onlara aktiv formada dəstək verilməsini nəzərdə tutan "Özünədəstək" - Birdəfəlik ünvanlı sosial yardım proqramının icrası işləri uğurla davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iyulun 24-də Ağcabədi rayonunda 60, Ağdam, Fizuli və Beyləqan rayonlarının hər birində isə 15 ailə olmaqla, ümumilikdə 105 ailə ilə bu proqrama cəlb olunmaları üçün "Sosial müqavilə"lər imzalanıb və onlara müvafiq bildirişlər paylanıb.

Bununla bağlı olaraq, Ağcabədi rayonunda keçirilən tədbirdə iştirak edən nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev aztəminatlı ailənin ünvanlı yardımdan asılılığının aradan qaldırılmasının, öz potensialını reallaşdırmaq və gəlirlərini artırmaq üçün belə ailəyə müvafiq şəraitin yaradılmasının hazırda mühüm prioritetlərdən olduğunu deyib.

Artıq bu sahədə ölkəmizdə müsbət təcrübənin formalaşmaqda olduğunu qeyd edən Əliyev bildirib ki, ötən ilin martında Tovuz rayonunun cəbhəyanı Vahidli kəndində sınaq işlərinə başlanılan proqram ötən müddətdə Masallı, Xaçmaz, İsmayıllı, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Bakının Nizami rayonunda, Sumqayıt şəhərində icra olunub. Nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri bu proqrama cəlb olunan ailələrin seçilməsində fəal iştirak edirlər.

Bütün ölkədə tətbiq olunacağı nəzərdə tutulan "Özünədəstək" proqramı aztəminatlı ailələrin daimi məşğulluğuna, onların təsərrüfatlarının inkişafına şərait yaradır. Proqram şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək istəyən aztəminatlı ailələrə bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardımın məbləğinin qabaqcadan birdəfəlik formada ödənilməsini nəzərdə tutur.

"Özünədəstək" proqramına cəlb olunan ailələrlə keçirilən görüşlərdə həmin ailələrə bu proqramın yaratdığı imkanlardan səmərəli şəkildə yararlanaraq, öz təsərrüfatlarını inkişaf etdirmək tövsiyə olunub, onlara proqramın xüsusiyyətləri, proqrama cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib.

Qeyd olunub ki, bundan sonra da dövlət aztəminatlı ailələrə bu istiqamətdə lazımi dəstəyi verəcək və ailə təsərrüfatını inkişaf etdirmək, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensialları olan hər bir aztəminatlı ailəyə dəstək veriləcək. Proqrama cəlb edilən aztəminatlı ailələrin nümayəndələri belə aktiv sosial müdafiə tədbirlərini möhtərəm dövlət başçısının aztəminatlı vətəndaşlara diqqət və qayğısının daha bir əməli ifadəsi olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti