Azərbaycan, Bakı, 6 oktyabr /Trend/
"Xalq Bank"ın baş ofisində "Köçürməni bizdə et, qızıl külçə əldə et!" adlı lotereyanın uduş fondunun oynanılması baş tutub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda deyilir. Lotereya avqustun 4-də keçirilib.
Qaliblərin ümumi sayı 28 nəfər olub. Belə ki, onlardan 3-ü 5 qramlıq yüksək əyarlı qızıl külçə, digər 25 nəfəri isə dünya şöhrətli pop-ulduzu Cenifer Lopesin iştirakı ilə Bakıda keçiriləcək FİFA U-17 qadınlararası Dünya Çempionatının açılışına 2 ədəd bilet qazanıblar.
Qaliblər haqda məlumat KİV-də və bankın rəsmi internet səhifəsində yerləşdiriləcək.
Lotereyanın şərtlərinə görə 25.06.2012-31.07.2012 tarixlərində "Xalq Bank"ın filiallarında Western Union, Contact, Migom, PrivatMoney, Xpress Money, Bıstraya poçta və Zolotaya Korona təcili pul köçürmə sistemləri vasitəsilə 100 dollar, 100 avro ya da 3500 rubl və ya bu məbləğdən artıq pul köçürən, yaxud alan hər bir müştəri 3 ədəd ən yüksək əyarlı 5 qramlıq qızıl külçəsindən birini udmaq şansı qazanacaqdı.
Bundan başqa 25 müştəri həmçinin dünya şöhrətli pop-ulduzu Cenifer Lopesin iştirakı ilə 22.09.2012 tarixində T. Bəhramov adına respublika stadionunda baş tutacaq futbol FİFA U-17 qadınlararası Dünya Çempionatının açılış mərasiminə 2 ədəd bilet də udacaqdı.
Köçürülən və ya alınan hər 100 dollar, 100 avro və ya 3500 rubl bir uduş şansına bərabər idi. Məbləğin çox olması lotereyada qalib olmaq şansını artırırdı.