...

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur - nazirlik

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2012 17:39 (UTC +04:00)
Aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamış "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir.
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur - nazirlik

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamış "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir.

Həmçinin, sistemin tam fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli, 32 nömrəli Qərarı ilə "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" və "Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası" təsdiq edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sosial yardım hüququna orta aylıq gəliri (müraciətdən əvvəlki son 1 il ərzində) onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində fəaliyyət göstərən "Ünvanlı sosial yardım təyin edən komissiya"lar tərəfindən təyin olunur.

Ailənin orta aylıq gəliri hesablanan zaman rəsmi və qeyri-rəsmi mənbələrdən ailəyə daxil olan pul və natura formasında bütün gəlirlər nəzərə alınır və 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat məbləğində müəyyən edilib. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Təyinat müddəti bitdikdən sonra aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

Sosial yardımın 3 əsas prinsipindən biri bərabərlik prinsipidir. Başqa sözlə, sosial yardım bütün aztəminatlı ailələrə təyin edilir. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində heç bir milli və etnik mənsubiyyətindən, irqindən, dərisinin rəngindən, dini etiqadından, qaçqın və ya məcburi köçkün olmasından asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan bütün şəxslər nəzərə alınır.

Ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda, yaxud ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda, yaxud yardım üçün müraciətdən 1 il əvvəl ailə respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun (cari il üçün bu göstərici 108 manatdır) 10 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə və ya alqı-satqı etdikdə, həmçinin ailənin əmək qabiliyyətli, işləməyən üzvü Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş 2 münasib işdən imtina etdikdə həmin ailəyə sosial yardımın təyin olunmasından imtina edilir.

Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 10.2-ci maddəsinə əsasən, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.

Sosial yardımın alınması üçün ailəni təmsil edən şəxs yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinə xüsusi ərizə forması (1 nömrəli əlavə), "Ailənin gəlir və əmlakı haqqında bəyannamə" (2 nömrəli əlavə) və aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədi ilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi, və digər zəruru sənədlərlə müraciət edir.

Qeyd edək ki, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) istifadəyə verilən elektron xidmətlər vasitəsi ilə də sənədlərini göndərə bilərlər.

Xəbər lenti

Xəbər lenti