...

İsmət Abasov Fransa Respublikasının Burqundiya regionunun Yon vilayətinin nümayəndə heyətini qəbul edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2012 18:54 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Fransa Respublikasının Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilyenin rəhbərlik etdiyi nümayəndə heyəti və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə görüşmüşdür.
İsmət Abasov Fransa Respublikasının Burqundiya regionunun Yon vilayətinin nümayəndə heyətini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Fransa Respublikasının Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilyenin rəhbərlik etdiyi nümayəndə heyəti və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi şərabçılıq bölgəsi olan Burqundiya ilə Azərbaycan arasında üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında aqrar sahədə əməkdaşlığın müzakirəsi olmuşdur.

Nazir İsmət Abasov qonaqları səmimi salamlayaraq, iki ölkə arasında dostluq əlaqələrinin ən yüksək səviyyədə olduğunu, bu əlaqələrin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Ümummilli Liderin ilk səfərinin Fransa Respublikasına etdiyini vurğulamış və bu əlaqələrin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.

İsmət Abasov aqrar sahədə əldə olunan nailiyyətlər və Dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycan təkcə neft-qaz ölkəsi kimi deyil, eyni zamanda aqrar potensiala malik ölkə olmaqla dünyada 11 iqlim qurşağından 9-nun Azərbaycanda mövcud olduğunu qeyd etmişdir.

Tərəflər arasında "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Balıqçılıq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Protokol" imzalanmış, Protokolun müddəalarına uyğun olaraq tərəflərin müvafiq dövlət baytarlıq orqanları arasında quş ətinin idxal-ixracı üçün baytarlıq sertifikatının nümunəsi razılaşdırılmışdır.

Quba Regional Aqrar Elm Mərkəzi "Frazer" layihəsi çərçivəsində Fransanın Luare Kənd Təsərrüfatı Palatası ilə virussuz ting istehsalı sahəsində əməkdaşlıq edərək respublikamıza 4 virusdan azad calaqaltı forması, 12 yeni alma, 3 armud, 7 gilas, 5 buğda, 3 arpa və 1 texniki bitki kozla (raps) sortları introduksiya olunmuşdur. Son illərdə Quba-Xaçmaz bölgəsində qərb texnologiyası ilə 500 hektara yaxın intensiv tipli meyvə bağları salınmışdır.

Nazir İsmət Abasov Fransa iş adamlarını Azərbaycana dəvət etmiş və onlar üçün ölkəmizdə bütün münbit şəraitin olduğunu nəzərə çatdırmışdır.

Nazir Azərbaycan fermerlərinin və kənd zəhmətkeşlərinin Azərbaycanın Ermənistan tərəfindən 20 faiz işğal olunmuş torpaqlarının tezliklə qaytarılması arzusunu qonaqların diqqətinə çatdırmışdır.

Nazir İsmət Abasov Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə aşağıdakı təkliflərini nəzərə çatdırdı:

- "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin imzalanmasının sürətləndirilməsi imkanlarına baxılması;

- Fransaya məxsus ətlik istiqamətdə "Şarole" cinsindən olan 1000 doza heyvan toxumunun Azərbaycana təcrübə məqsədilə gətirilməsi və təcrübənin nəticələrindən asılı olaraq bu cinsin gələcəkdə Azərbaycana introduksiyası;

- Fransa iş adamları tərəfindən baytarlıq preparatları istehsalı üzrə birgə müəssisələrin yaradılması mümkünlüyünün araşdırılması;

- digər heyvan mənşəli məhsulların idxal-ixracı məqsədilə baytarlıq sertifikatları nümunələrinin razılaşdırılması məsələsinə baxılması (hazırda yalnız quş əti üzrə razılaşma var);

- Qida təhlükəsizliyi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, üzümçülük, şərabçılıq və konserv sənayesi üzrə təcrübə mübadiləsi və yeni texnologiyaların mənimsənilməsi;

- Quba-Xaçmaz bölgəsində həyata keçirilmiş layihənin uğurlu nəticələrini nəzərə alaraq, virussuz meyvə tingçiliyi sahəsində mövcud əlaqələrin genişləndirilməsi;

- Üzümçülük və şərabçılıq sahəsində nou-haunun və elmi yeniliklərin Azərbaycanda tədris olunmasının genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin Şərabçılıq fakultəsinin müəllim heyəti və tələbələr üçün Fransada təlimlərin təşkil edilməsi, bu universitetlə Fransanın müvafiq ali təhsil müəssisəsi arasında birbaşa əlaqələrin yaradılması;
- Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv olmasından sonra ölkədə üzümçülük və şərabçılıq sektorunun beynəlxalq tələblərə uyğun təşkil edilməsi sahəsində Fransa ilə əməkdaşlığın genişləndirilməsi;

- Üzümçülük və şərabçılıq sahəsində beynəlxalq standartların və Fransa təcrübəsinin Azərbaycanda elmi-tədqiqat sahəsində tətbiq edilməsi məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu ilə Fransanın (yaxud da Burqundiya regionunun) müvafiq elmi-tədqiqat müəssisələri ilə təmasların yaradılması və birgə tədqiqat işlərinin aparılması;

- Fransada yetişdirilən yüksək məhsuldar üzüm tinglərinin Azərbaycana gətirilməsi.

Nazir üzümçülüyün və şərabçılığın tarixi, inkişaf istiqamətləri və perspektivləri barədə görüş iştirakçılarına ətraflı məlumat verdi.

Fransanın Azərbaycandakı səfiri cənab Paskal Mönye səmimi qəbula görə öz minnətdarlığını bildirərək, iki ölkə arasında işçi qrupunun yaradılması və üç illik yol xəritəsinin hazırlanmasını məqsədəuyğun hesab etmiş və səfir olduğu dövrdə iki ölkə arasında aqrar sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsində səylərini əsirgəməyəcəyinə əminliyini bildirdi.

Xəbər lenti

Xəbər lenti