Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir C.Nəsibova/
Bakının Binə qəsəbəsində müasir İstixana konstruksiyaları və qida sənayesi avadanlıqları istehsalı zavodunun inşasına başlanılıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə bu gün keçirilən tədbir çərçivəsində 3,4 milyon manat güzəştli kredit verilib.
Zavodda İtaliyanın "SALVAGINI" və Türkiyənin "HIDROTAM MAKINA" şirkətlərindən alınacaq tam avtomatlaşdırılmış qida sənayesi avadanlıqlarının istehsalı xətti və istixana konstruksiyalarının istehsalı xətti quraşdırılacaq.
Bu zavod Azərbaycanda ilk belə obyektdir və 2 istehsal korpusundan və köməkçi sahələrdən ibarət olacaq.
Zavodda illik 36 min poqonmetr qida sənayesi avadanlıqları (istilik avadanlıqları, paylama xətləri, neytral avadanlıqlar, hazırlıq avadanlıqları, qənnadı avadanlıqları, mətbəx ləvazimatları, bulaşıqyuma avadanlıqları, çamaşıryuma avadanlıqları, dolablar və s.) və istixana konstruksiyaları istehsal olunacaq.
Zavodun tikinti-quraşdırma işlərinin 2013-cü ilin sentyabr ayınadək başa çatdırılması və istifadəyə verilməsi nəzərdə tutulur. Layihənin icrası nəticəsində 80 yeni iş yeri yaradılacaq.
Layihənin ümumi dəyəri 8,6 milyon manatdır. Bu məbləğdən 6 milyon manatın SKMF xətti ilə təmin edilməsi planlaşdırılır.