Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir A.Axundov/
2020-ci ilədək Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində azad iqtisadi zona (AİZ) yaradılacaq. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında deyilir.
"Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni aerovağzal kompleksi, uçuş-eniş zolağı və anqarlar istifadəyə veriləcək, bu ərazidə azad iqtisadi zona yaradılacaq, digər 6 beynəlxalq hava limanı və hava donanmasının yeniləşdirilməsi işləri davam etdiriləcək", - layihədə bildirilir.
Azərbaycanın regionun ticarət mərkəzinə çevrilməsi məqsədilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişaf etdirilməsi, ölkənin bölgələrində logistika mərkəzlərinin formalaşdırılması
nəzərdə tutulur. Bütün bunlar eyni zamanda istehsal və investisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaqdır. Yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdiriləcək, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndiriləcəkdir. Bununla əlaqədar avtomobil, dəmir yolu, su, hava və yeraltı
(metro) nəqliyyatı üzrə vahid strateji yanaşmanı əks etdirən ümumiləşdirilmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yaxın illərdə Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanının inşası tamamlanacaq, dəniz donanması yeniləşdiriləcək və genişləndiriləcək, nəqliyyat-logistika mərkəzi tikiləcək, Bakı-Böyük Kəsik və Bakı-Yalama dəmir yolu xətlərinin bərpası və modernləşdirilməsi həyata keçiriləcək, dəmir yolu şəbəkəsinin diversifikasiyası siyasətinə uyğun olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcəkdir. Eyni zamanda, dəmir yolu nəqliyyatının baş yollarında zəruri yenidənqurma işləri aparılacaq, daşıma parkı yeniləşdiriləcək, bütün yollarda dəyişən cərəyanlı dartı sisteminə keçid təmin olunacaq.
Konsepsiyanın əhatə etdiyi dövr ərzində Bakı Metropoliteni sürətlə inkişaf etdiriləcək və genişləndiriləcək, o cümlədən yeni stansiyalar tikiləcək və vaqon parkı yeniləşdiriləcək.