...

"Oxfam" Azərbaycanda ilkin tibbi yardım sahəsində islahatlara yardım edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2012 13:34 (UTC +04:00)
"Oxfam" beynəlxalq humanitar təşkilatının əsas məqsədi yoxsulluğun səviyyəsinin azaldılmasıdır və "Oxfam"ın "Məsuliyyətli yerli idarəetmə vasitəsilə sağlam icmaların inkişafı" layihəsinin həyata keçirilməsi bu istiqamətdə daha bir addım oldu.
"Oxfam" Azərbaycanda ilkin tibbi yardım sahəsində islahatlara yardım edir

Azərbaycan, Bakı, 14 dekabr/Trend, müxbir C. Nəsibova/

"Oxfam" beynəlxalq humanitar təşkilatının əsas məqsədi yoxsulluğun səviyyəsinin azaldılmasıdır və "Oxfam"ın "Məsuliyyətli yerli idarəetmə vasitəsilə sağlam icmaların inkişafı" layihəsinin həyata keçirilməsi bu istiqamətdə daha bir addım oldu. Trend-in məlumatına görə, bu barədə cümə günü "Oxfam"ın Azərbaycandakı nümayəndəiyinin direktoru Şövkət Əlizadə "İlkin tibbi yardımın göstərilməsi sahəsində islahatlar" mövzusunda Bakıda keçirilən konfransda deyib.

"Ayrı-ayrı kənd və rayonlarda yaşayan əhalinin aztəminatlı təbəqələri çox vaxt müəyyən tibbi xidmətlər, o cümlədən pulsuz xidmətlər almaq imkanları haqqında məlumata malik olmurlar. Mövcud layihə bu vəziyyəti yaxşılaşdırmağa istiqamətlənib", - Əlizadə qeyd edib.

Həyata keçirilməsi 2012-ci ilin dekabrında yekunlaşan layihə Bərdə, Tərtər, Oğuz, Goranboy, Yevlaxda 60 mindən çox insanı əhatə edib. 4 il ərzində 49 tibbi məntəqə zəruri tibbi avadanlıqlarla təchiz edilib, eləcə də 21 tibb müəssisəsi, 12 tibb məntəqəsində su kəmərləri şəbəkəsi və kanalizasiya sistemləri təmir edilib.

Layihənin həyata keçirildiyi yerlərdə yaşayan ailələr arasında aparılan sorğunun nəticələrinə əsasən, 2008-2012-ci illər ərzində 275 ailənin tibbi xidmətlərə xərcləri 148,1 manatdan 64,2 manatadək azalıb. Bu dövr ərzində icmalara cəlb edilməyən 161 ailənin mövcud xərcləri 127,2 manatdan 237,5 manata (hər ailəyə) artıb.

Avropa İttifaqının Azərbaycandakı proqram rəhbəri Amouri Xoste qeyd edib ki, Azərbaycan hökuməti islahatların keçirilməsinə ciddi maraq göstərib və gələcəkdə səhiyyə sahəsində islahatlara hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti