...

Qazaxıstanda Azərbaycanın aqrar sahədəki qabaqcıl təcrübəsindən istifadə ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2013 15:21 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Qazaxıstan Baş nazirinin müavini Krımbek Kuşerbayev iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.
Qazaxıstanda Azərbaycanın aqrar sahədəki qabaqcıl təcrübəsindən istifadə ediləcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Azərbaycanda səfərdə olan Qazaxıstan Baş nazirinin müavini Krımbek Kuşerbayev iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, logistika, turizm və s. sahələrdə əlaqələrin inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Mustafayev Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, siyasi-iqtisadi əməkdaşlığın yüksək səviyyədə inkişafında dövlət başçılarının siyasi iradəsinin, qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb. İki ölkə arasında iqtisadi sahədə indiyədək 20-dən çox sənəd imzalanıb, möhkəm müqavilə-hüquq bazası yaradılıb.

Nazir qazanılmış iqtisadi nailiyyətlər, regionların inkişafı istiqamətində görülən işlər, yaradılmış müasir istehsal və emal müəssisələri, taxıl və soyuducu anbar kompleksləri, iri taxılçılıq təsərrüfatları, kənd təsərrüfatı sahəsinin inkişafına dövlət dəstəyi mexanizmləri barədə qazaxıstanlı qonaqlara geniş məlumat verib. Qeyd edilib ki, ölkəmizin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, ölkə regionlarının inkişafında məqsədyönlü dövlət proqramlarının - "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın uğurlu icrası mühüm rol oynayır. Rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi xarici bazarlarda Azərbaycan mallarına olan marağı və tələbatı artırır, yerli məhsullar bir sıra xarici ölkələrə ixrac olunur.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Qərbi Qazaxıstanda logistika mərkəzinin yaradılması və bu mərkəz vasitəsilə bölgənin ərzaq təminatında Azərbaycan şirkətlərinin iştirak edə biləcəyini də diqqətə çatdırıb. Vurğulanıb ki, ölkə başçılarının tapşırığına əsasən, Qərbi Qazaxıstan vilayətləri ilə əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə Azərbaycan nümayəndə heyətinin Aktauya səfəri və biznes-forumun təşkili nəzərdə tutulur.

Qazaxıstan Baş nazirinin müavini Krımbek Kuşerbayev ölkəsində iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsində, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də aqrar sektorda tətbiq edilən qabaqcıl texnologiya və metodlara ölkəsində marağın böyük olduğunu vurğulayıb. Azərbaycanda iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Kuşerbayev Qazaxıstanda Azərbaycanın aqrar sahədəki qabaqcıl təcrübəsindən istifadə ediləcəyini qeyd edib.

Azərbaycana səfər çərçivəsində Qazaxıstan nümayəndə heyəti bir sıra görüşlər keçirib, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin (Sumqayıt Texnologiyalar Parkı, "Green Tech" müəssisəsi, "Zəhmət Ruzi" MMC) fəaliyyəti ilə tanış olub. Qazaxıstanlı qonaqlara müasir texnologiyalara əsaslanan istehsal və emal prosesləri barədə məlumat verilib.

Bu gün isə Qazaxıstan nümayəndə heyəti Qəbələdə bölgənin turizm potensialı, heyvandarlıq, şərabçılıq, konserv məhsulları istehsalı müəssisələrinin, soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti