Azərbaycan, Bakı, 6 may /Trend/
2013-cü ilin aprel ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4386 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 2226 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 439 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 222 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 716 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 400 vergi ödəyicisi tərəfindən 525 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 133 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 125 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 5286 ədəd mal olduğu aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.