Azərbaycan, Bakı, 27 may /Trend, müxbir A. Axundov/
Azərbaycan BMT-nin üzv ölkələrinin və dünyada inkişaf üzrə bütün qabaqcıl təşkilatların qəbul etdiyi Minilliyin İnkişaf Hədəflərinə nail olunmasında ciddi tərəqqi əldə edib.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Antonius Broek və Dünya Bankının (DB) Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko "Davamlı inkişafın hədəfləri - Azərbaycanda milli məsləhətləşmələr" seminarında çıxışlarında bəyan ediblər.
Minilliyin Bəyannaməsində formalaşdırılan və yoxsulluğun azaldılması, HİV/QİÇS-in yayılmasının qarşısının alınması, ümumi ibtidai təhsilin təqdim edilməsi (bütün bunlar 2015-ci ilə nəzərdə tutulub) kimi inkişaf sahəsində 8 hədəf bütün ölkələrin və dünyada inkişaf üzrə qabaqcıl təşkilatların qəbul etdiyi proqramdır. Bu hədəflər dünyada əhalinin yoxsul təbəqələrinin ehtiyaclarını təmin etmək üzrə misilsiz səyləri səfərbər etməyə imkan verib.
Broekin sözlərinə görə, Azərbaycan artıq Minilliyin Hədəflərindən çoxuna nail olub, onlar arasında sosial xidmətlərin təkmilləşdirilməsi və yoxsulluğun azaldılması var: "Son illər Azərbaycan iqtisadiyyatı yüksək inkişaf templəri nümayiş etdirir. Burada neft-qaz sənayesi və onun gəlirlərinin səmərəli istifadəsi böyük rol oynayıb. Lakin ölkədə yoxsulluğun azaldılması, iqtisadiyyatın şaxələndirilməsi və s. proseslərin davam etdirilməsi üçün böyük işlər yerinə yetirmək lazımdır. Bu məqsədlə Azərbaycanda "Azərbaycan-2020: gələcəyə baxış" uzunmüddətli inkişaf konsepsiyası hazırlanıb. Konsepsiya qeyri-neft sektorunda ixracatın artırılmasına, yoxsulluğun azaldılmasına və digər məqsədlərə istiqamətlənib. Əgər bu məqsədlərə nail olunsa, Azərbaycan yüksək orta gəlirli ölkələr siyahısına daxil olacaq, perspektivdə isə yüksək gəlirli ölkələr qrupunda yer alacaq. Bundan başqa, Azərbaycan insan kapitalının inkişafı üzrə yüksək göstəriciləri olan ölkələr qrupuna daxil olmaq yolunda uğurla irəliləyir və bunu BMT-nin hesabatları əks etdirir. Say göstəriciləri vacibdir, lakin keyfiyyət dəyişiklikləri lazımdır, xüsusilə bu, təhsil, səhiyyə, sosial xidmətlər sahəsində olmalıdır".
Onun sözlərinə görə, 2015-ci ildən sonrakı dövr üçün məqsədlərə çatmaq üçün BMT dünyanın 100 ölkəsi ilə müzakirələrə başlayıb, onlar arasında Azərbaycan da var.
Leşenkonun sözlərinə görə, Azərbaycan yoxsulluq səviyyəsinin azaldılmasında, ibtidai təhsil, HİV infeksiyasına qarşı mübarizədə müvəffəqiyyətlərə nail olub, lakin minilliyin bütün hədəflərinə nail olmaq üçün Azərbaycan yeni iş yerlərinin açılmasına, regionların inkişafına, iqtisadiyyatın inklyuziv artımına böyük diqqət ayırmalıdır.
Bundan əlavə onun fikrincə, iqtisadiyyatın şaxələndirilməsi üzrə hədəflərə çatmaq üçün insan kapitalının inkişafı hökumətin diqqət mərkəzində qalmalıdır.
Minilliyin 8 hədəfinə yoxsulluq və aclığın tamamilə aradan qaldırılması, ümumi ibtidai təhsilin təmin olunması, gender bərabərliyinin təşviqi və qadın hüquqlarının genişləndirilməsi, uşaq ölümlərinin azaldılması, ana sağlamlığının qorunmasının yaxşılaşdırılması, HİV/QİÇS, malyariya və digər xəstəliklərlə mübarizə, ekoloji davamlılığın təmin olunması, inkişaf məqsədilə dünya tərəfdaşlığının formalaşdırılması daxildir.