...

Qaxda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2013 14:51 (UTC +04:00)
İyunun 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti tədbirini Qax rayonunda keçirib.

Azərbaycan, Bakı, 28 iyun /Trend /

İyunun 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti tədbirini Qax rayonunda keçirib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak edib. Bu barədə cümə günü Trend-ə nazirlikdən məlumat verilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinin istehlakçı hüquqlarının qorunması olduğunu, Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlərin daha da gücləndirildiyini vurğulamışdır. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdıran Araz Əliyev Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan mühüm önəm kəsb etdiyini vurğulamışdır. Bildirilmişdir ki, 2013-cü ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 30 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1200 yaddaş kitabçası hazırlanaraq paylanmış, televiziya kanallarında sosial reklam çarxları yayımlanmışdır.

Maarifləndirmə tədbirləri hazırda da davam etdirilir. KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Konfransda həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilmişdir.

Tədbirdə bildirilmişdir ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Dövlət Xidməti tərəfindən bu ilin ötən dövrü ərzində keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri qanunvericiliyin tələblərinə uyğun olmayan 19,8 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.
İctimai təşkilatların nümayəndələri istehlakçı hüquqlarının qorunmasında sahibkarların və istehlakçıların vəzifələri barədə danışmış, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində müxtəlif təkliflər səsləndirmişlər.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti