Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.Xəlilova/
Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti Azərbaycana ilk dəfə səfər edəcək. Bu barədə Trend-ə bankın Bakı nümayəndəliyindən məlumat verilib.
Bu, Çakrabartinin 2012-ci ildə AYİB prezidenti vəzifəsinə təyin olunmasından sonra Azərbaycana ilk səfər olacaq.
AYİB nümayəndəliyindən bildiriblər ki, Cakrabartinin Azərbaycana rəsmi səfəri iyulun 14-də başlayır: "O, iyulun 16-da Bakıdan Gürcüstana, daha sonra isə Ermənistana gedəcək".
Çakrabartinin Azərbaycana səfəri iki hadisə ilə üst-üstə düşəcək: bu il qeyd ediləcək AYİB-in Azərbaycandakı fəaliyyətinin 20 illiyi, o cümlədən bankın Bakı nümayəndəliyinin "Landmark-3" biznes-mərkəzində (daha əvvəl "Landmark-1"də yerləşirdi) yeni ofisə köçməsi.
Səfər çərçivəsində AYİB rəhbəri Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.