...

"Təmiz Şəhər" ASC məlumat turlarını davam etdirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2013 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Hazırda bir çox dünya ölkələrində digər təbii resurslarla yanaşı, tullantılar ən önəmli enerji mənbəyinə çevrilməkdədir. Tullantıdan enerji alınması tullantıların həcminin azaldılması, karbon emissiyalarının qarşısının alınması və yanacaq ehtiyatlarına qənaət baxımından effektiv alternativ enerji mənbəyidir.

Avropanın bir sıra böyük şəhərlərində tullantıların yandırılması zavodları fəaliyyət göstərir. Ölkəmizdə də son illərdə bu sahədə önəmli addımlar atılmışdır.

Azərbaycan Diplomatik Akademiyasının Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən keçirilən Bakı Yay Enerji Məktəbinin 7-ci günü enerji və ətraf mühit mövzusuna həsr olunmuşdur.

Bu məqsədlə iyul ayının 12-də "Təmiz Şəhər" ASC tərəfindən ABŞ, İtaliya, Polşa, Türkiyə, Rumıniya, İsrail, Xorvatiya, Rusiya, Özbəkistan, Macarıstan, Cənubi Afrika Respublikası, Belçika, Estoniya və Hindistandan olan iştirakçıları tullantıdan enerji alınması prosesi və zavodun fəaliyyəti ilə əyani olaraq tanış etmək məqsədilə məlumat turu təşkil olunmuşdur.

"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qonaqlara ölkədə tullantıların idarə olunması sahəsində görülmüş işlər, Cəmiyyətin fəaliyyəti haqqında geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, ölkədə ətraf mühitin qorunması və tullantıların idarə olunması sahəsinə böyük diqqət yetirilir. Bu sahədə əldə olunmuş nailiyyətlər sırasında Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun qısa müddət ərzində inşa edilərək istifadəyə verilməsi vurğulanmış, zavodun istehsalat gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri zavod olduğu qeyd edilmişdir.

Zavod haqqında film nümayiş etdirildikdən sonra iştirakçılar idarəetmə otağından əyani olaraq tullantıların yandırılması prosesini izləmiş, onlara müəssisənin iş mexanizmi izah edilmiş və qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, "Təmiz Şəhər" ASC tullantıların idarə olunması sahəsində əldə olunmuş nailiyyətlər haqqında əhalinin məlumatlandırılması məqsədilə Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına məlumat turlarını davam etdirəcəkdir. Turlarda iştirak etmək istəyənlər [email protected] ünvanına məktub göndərə və ya +994124644111 telefonu ilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti