Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir E.Əliyev/
Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının məqsədi təkcə kreditlər almaqdan ibarət deyil. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda iqtisadi inkişaf naziri Şahin Mustafayev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinın regiona ilk səfərinə həsr edilmiş mətbuat konfransında deyib.
Nazir bildirib ki, məqsəd beynəlxalq təcrübəni ölkəyə gətirməkdir: "Əgər təkcə kredit resurslarının cəlb edilməsi üzərində işləsəydik, Azərbaycanın xarici borcunun ÜDM-in həcminə nisbəti belə az - 7-8 faiz səviyyəsində - olmazdı. Müqayisə üçün, Avropanın bəzi ölkələrində, xüsusilə, böhrandan bir neçə il sonra bu göstərici 80 faiz, ayrı-ayrı dövlətlərdə isə 100 faiz və daha artıq təşkil edir".
Ş.Mustafayev vurğulayıb ki, ölkə hökuməti müxtəlif sahələrdə beynəlxalq təcrübəyə maraq göstərir: "Bu, şəffaflığın təmin edilməsi, ölkəyə müasir texnologiyaların gətirilməsi və əlbəttə ki, sahibkarlara, xüsusilə də qadın sahibkarlara dəstək sahəsində təcrübədir. Bundan əlavə, korporativ idarəetmə sahəsində də beynəlxalq təcrübə ilə maraqlanırıq".
Nazir əlavə edib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq bir çox alətləri əhatə edir və artıq nəticələrini verməkdədir.