Azərbaycan, Bakı, 25 iyul /Trend/
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü il iyulun 19-da Lerik rayonunun Günəşli kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Lerik rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması;
- cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün SKMF-yə müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29; faks: (012) 432-37-17; e-mail: [email protected]