Azərbaycan, Bakı, 8 oktyabr /Trend/
7-11 oktyabr 2013-cü il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində təşkil edilən Tullantıların İdarə Edilməsi üzrə Ümumdünya Konqresi öz işini davam etdirir.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il Vyana şəhər bələdiyyəsi və Məişət Tullantıları üzrə Beynəlxalq Assosiasiya (ISWA) tərəfindən təşkil edilən Ümumdünya Konqres tullantıların idarə edilməsi sahəsində əhəmiyyətli tədbirlərdəndir. 1000-dən artıq mütəxəssisin qatıldığı tədbirdə ölkəmizi "Təmiz Şəhər" ASC-nin Ətraf Mühit və Əməyin Mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev təmsil edir. O, konfransda "Balaxanı Sənaye Parkı - tullantıların azaldılması və resursların artırılması" mövzusunda təqdimatla çıxış edib.
S.Zeyniyev Bakı şəhərində tullantıların idarə edilməsi sahəsində həyata keçirilən uğurlu layihələr, son illər ölkəmizdə "yaşıl iqtisadiyyat", xüsusilə, təkrar emal sənayesinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Balaxanı Sənaye Parkının yaradılmasının bu sahədə mühüm addım olduğunu qeyd edib. Bildirilib ki, Parkda istifadə ediləcək xarici ölkələrin qabaqcıl təcrübəsi və innovativ tenologiyalar nəticəsində təbii resurslara və enerjiyə qənaət olunacaq.
Təqdimat zamanı Balaxanı Sənaye Parkında iş adamları üçün yaradılmış investisiya və vergi güzəştləri, hədəf sənayelər, infrastruktur, eləcə də nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verilib, Parkın coğrafi mövqeyinin, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsinin istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırılmasına imkan verdiyi vurğulanıb.
Təqdimatda, həmçinin şəffaflığın və məlumatlılığın təmin edilməsi məqsədi ilə Balaxanı Sənaye Parkının rəsmi internet səhifəsinin yaradıldığı və potensial investorların internet səhifəsində yerləşdirilmiş elektron qeydiyyat forması vasitəsilə müraciət edə biləcəkləri qeyd olunub.
Təkrar emal müəssisələrini özündə birləşdirən və regionda ilk bu cür sənaye parkı olan Balaxanı Sənaye Parkının təqdimatıt ədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, "Təmiz Şəhər" ASC-nin nümayəndəsi iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, "Təmiz Şəhər" ASC 2010-cu ildən Məişət Tullantıları üzrə Beynəlxalq Assosiasiyanın üzvüdür.