Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E. İsmayılov/
Bakı-Böyük Kəsik dəmiryolunun modernləşdirilməsi və yenidənqurulması çərçivəsində 289 km dəmiryolu əsaslı təmir olunub. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən daxil olan məlumatda bildirilir.
Məlumatda deyilir ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
25 oktyabr 2013-cü ildə dəmiryolunun Puta stansiyasının tək və cüt baş yollarının - 2150 metr yolun əsaslı təmirinə başlanıldı. Səhər tezdən start götürən təmir işləri dörd gün davam edəcək.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. "Azərbaycan Respublikasında dəmiryol nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, bu günə kimi 289 kilometr yol əsaslı təmir olunmuş, bunun da 230 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatmışdır.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.