...

Azərbaycanda "vergi dost"larının ümumi sayı 1252 nəfərə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2013 17:34 (UTC +04:00)
Bu gün Quba şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş Quba, Qusar və Şabran ümumtəhsil məktəblərinin müəllimlərinə “vergi dostu” sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Azərbaycanda "vergi dost"larının ümumi sayı 1252 nəfərə çatıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Bu gün Quba şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş Quba, Qusar və Şabran ümumtəhsil məktəblərinin müəllimlərinə "vergi dostu" sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası və Konsepsiyada Vergilər Nazirliyinə aid nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə qəbul olunmuş "2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası" və onun məqsədi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Ə.Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə ictimaiyyətin daha aktiv üzvü olan müəllimlərdən ibarət "Vergi dostları" şəbəkəsinin yaradılması barədə məlumat verib.

Qeyd olunub ki, indiyədək respublika üzrə 1151 nəfər müəllimə müvafiq təlim keçilib və "vergi dostu" sertifikatı təqdim olunub.

Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov çıxış edərək gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərilərinə götürdüyü öhdəliyin vacibliyi barədə danışıb. "Vergi dostu" olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.

Sonra təlimi müvəffəqiyyətlə başa vurmuş 101 nəfər "vergi dostu"na üzvlük sertifikatı, "vergi dostu"nun yaddaş kitabçası və kompyuterlər təqdim olunub, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalayıblar. Beləliklə, respublika üzrə "vergi dost"larının ümumi sayı 1252 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti