...

Azərbaycan Niderlanda fitosanitariya və baytarlıq sahəsində hüquqi sənədlərin imzalanmasını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2013 19:08 (UTC +04:00)
Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Niderland Krallığının senatoru Rene van der Lindenlə görüşüb.
Azərbaycan Niderlanda fitosanitariya və baytarlıq sahəsində hüquqi sənədlərin imzalanmasını təklif edir

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Niderland Krallığının senatoru Rene van der Lindenlə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün əsas məqsədi iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin müzakirəsi olub. Görüşdə Niderlandın Azərbaycandakı səfiri Robbert Qabriyelsen də iştirak edib.

Nazir Azərbaycan və Niderland arasında aqrar sahədə mövcud əməkdaşlıq barədə danışıb, Azərbaycanda aqrar sahədə hökumət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsində Niderland hökumətinin layihələrinin, təlim və seminarların əhəmiyyətini qeyd edərək, iki ölkə arasında kənd təsərrüfatı sahəsində uğurla həyata keçirilmiş layihələr barədə söz açıb.

H.Əsədov Azərbaycandan Niderlanda kənd təsərrüfatı məhsullarının ixracı zamanı yerli sahibkarların üzləşdiyi başlıca maneələri qeyd edərək, kənd təsərrüfatı məhsullarının ticarətinin qarşılıqlı şəkildə asanlaşdırılması və daha da artırılması məqsədilə tərəflərin kənd təsərrüfatı üzrə məsul dövlət qurumları arasında fitosanitariya və baytarlıq sahəsində hüquqi sənədlərin imzalanmasının zəruri olduğunu bildirib.

Nazir Avropa İttifaqının aparıcı üzv ölkəsi olan Niderland tərəfindən aqrar sahədə təcrübə və mütəxəssis mübadiləsi kimi texniki layihələrin həyata keçirilməsini, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində Niderlandın zəngin təcrübəsindən yararlanmaq, damazlıq və cins mal-qara yetişdirilməsi, süni mayalama və kənd təsərrüfatı heyvanlarının identifikasiyası sahəsində birgə layihələrin həyata keçirilməsi, heyvanların təhlükəli yoluxucu xəstəlikləri ilə mübarizə üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi, regionlarda qaramal və quşlar üçün qarışıq yem hazırlayan kiçik həcmli yem sexlərinin tikintisinə aid texniki yardım layihələrinin hazırlanması və həyata keçirilməsi, aqrar yönümlü elmi-tədqiqat və ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsini təklif edib.

Rene van der Linden Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Prezident İlham Əliyevlə görüşündə dövlət başçısının ona kənd təsərrüfatı naziri ilə aqrar sahədə imkanlar barədə müzakirə aparmağı təklif etdiyini bildirib.

Azərbaycan və Niderland arasında aqrar sahədə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən R.Linden Niderlandın kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik olduğunu və kənd təsərrüfatı sahəsində mühüm ölkələrdən biri olduğunu qeyd edib. O, Azərbaycanın kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürüb.

Görüşdə Rene van der Linden, həmçinin 2014-cü ilin aprel ayında Bakıya səfər edəcək kənd təsərrüfatı/bağçılıq sahəsindən olan nümayəndə heyətinə rəhbərlik edəcəyini qeyd edərək bu nümayəndə heyətinin səfərinə hazırlıqlar barədə müzakirələr aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti