...

Azərbaycanda hüquqi şəxslərin ləğv edilməsi sahəsində qanunvericilik təkmilləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2013 20:58 (UTC +04:00)
Azərbaycanda hüquqi şəxsin ləğv edilməsi zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsinə görə vəzifəli şəxslər min manat miqdarında cərimə edilir.
Azərbaycanda hüquqi şəxslərin ləğv edilməsi sahəsində qanunvericilik təkmilləşdirilir

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda hüquqi şəxsin ləğv edilməsi zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsinə görə vəzifəli şəxslər min manat miqdarında cərimə edilir.

Trend-in məlumatına görə, bu dəyişikliklər Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda nəzərdə tutulub.

Bundan başqa, Azərbaycanın Mülki Məcəlləsində dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, hüquqi şəxsin ləğv edilməsi prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna edilən dəyişikliyə əsasən, hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilməlidir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı sürətli elektron dövlət qeydiyyatı zamanı dərhal, adi elektron dövlət qeydiyyatı zamanı isə 1 gündən gec olmayaraq həyata keçirilməlidir.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, hüquqi və fiziki şəxsin sahibkarlıq fəaliyyətinin ləğv edilməsi ilə bağlı hallarda səyyar yoxlamaların keçirilməsi indi məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti