...

Salyanda İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2014 16:45 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə Bakıda və regionlarda müxtəlif tədbirlər həyata keçirilir.
Salyanda İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə Bakıda və regionlarda müxtəlif tədbirlər həyata keçirilir.

"İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda bu ilin ilk tədbiri fevralın 14-də Salyan rayonunda təşkil edilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, Salyan və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Aran iqtisadi rayonunda fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak etmişdir.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri tərəfindən Nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilmişdir. Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov "Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyində elektron xidmətlərin tətbiqi genişləndirildiyini diqqətə çatdırmışdır. Bu isə Nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılmışdır.

Bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir.

Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılmışdır.Nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimində qəbula yazılma, müraciətlərin on-line rejimdə qəbulu və cavablandırılması, Nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, elektron ticarət portalı - www.b2b.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər göstərilir.

Bildirilmişdir ki, icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən bu günə kimi 235 mindən artıq internet istifadəçisi yararlanmışdır. İndiyədək 17 dövlət qurumunun 132 qanunvericilik aktının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilmişdir. www.b2b.az elektron ticarət portalının məqsədi isə sahibkarların bazara sərbəst çıxışının dəstəklənməsi, onların biznes əlaqələrinin genişləndirilməsi, mal və xidmətlərin elektron qaydada alqı-satqısının təşkilidir.

Nazirliyin əməkdaşları tərəfindən əyani olaraq lisenziyaların alınması, qrant müqavilələrinin qeydiyyatı, mənşə sertifikatının verilməsi, cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi, vətəndaşların qəbulu və s. xidmətlərdən on-line rejimində istifadə proseduru nümayiş etdirilmişdir.

İstehlak Mallarının Ekspertizası Mərkəzinin əməkdaşı Elçin Məlikov malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri Anar Məmmədov və Anar Qasımlı təmsil etdikləri qurumlar tərəfindən sahibkarlara göstərilən xidmətlərlə bağlı məlumat vermişdirlər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi elektron xidmətlərin tətbiqinin səmərəliliyin yüksəlməsində, sahibkarlar və icra strukturları arasında əlaqələrin möhkəmlənməsində, operativliyin və şəffaflığın təmin olunmasında, ümumilikdə sahibkarlığın inkişafında əhəmiyyətindən danışmışdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti