...

Gədəbəy şəhərində yeni içməli su və kanalizasiya infrastrukturu yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2014 18:27 (UTC +04:00)
Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı tender elan edilib.
Gədəbəy şəhərində yeni içməli su və kanalizasiya infrastrukturu yaradılacaq

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı tender elan edilib.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə Gədəbəy şəhəri ilə yanaşı, Astara, Daşkəsən, Qazax, Samux və Tərtərdə su təchizatı və kanalizasiya sistemlərinin infrastrukturlarının yenidən qurulmasını nəzərdə tutur.

Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi şəhər mərkəzi ilə yanaşı, rayonun 5 kəndini əhatə edir, layihədən ümumilikdə 23 min nəfər faydalanacaq.

Layihəyə əsasən Gədəbəy şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün su mənbəyi Südlübulaq bulaqları seçilib. Bulaq sularının toplanması məqsədi ilə su mənbəyində suqəbuledici qurğu tikiləcək və Gədəbəy şəhərinə 15 km uğunluğunda magistral su xətləri çəkiləcək. Şəhərin relyef şəraiti nəzərə alınaraq ümumi tutumu 5500 kubmetr olan 7 ədəd su anbarı tikiləcək. İstehlakçıların mərkəzləşdirilmiş qaydada içməli su təchizatını yaxşılaşdırmaq məqsədi ilə 73 km paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi su sayğacları ilə təmin olunacaq.

Layihə çərçivəsində ilk dəfə olaraq Gədəbəy şəhərində kanalizasiya sistemi yaradılacaq. Bu məqsədlə 68 km kanalizasiya şəbəkəsi yaradılacaq və bütün abunəçilər şəbəkəyə qoşulacaq. Tullantı sularının çirkab sutəmizləyici qurğuya ötürülməsi məqsədi ilə 700 metr uzunluğunda kanalizasiya kollektoru tikiləcək.

Gədəbəy şəhərində su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işlərinə 2014-cü ilin üçüncü rübündə başlanması nəzərdə tutulur. İlkin mərhələdə işlərə Gədəbəy şəhərində başlanacaq və gələcəkdə rayonun 5 kəndi də bu layihəyə qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti