Azərbaycan, Bakı, 7 may /Trend/
Yüzlərlə insan Stiv Cobsun çıxışlarını izləyib, hətta kimlərsə tərcümeyi-halını da oxuyub. Bu kimi uğurlu sahibkarların sirləri hər birimizə maraqlıdır. Yeni zirvələrə yüksəlməyə, bazarı fəth etməyə, istehlakçıların arzu və istəklərini öncədən təxmin etməyə onlara nə kömək edir?
Ölkəmizdə biznesin qurulması haqqında yaranan sualların cavablarını artıq buna nail olmuş şəxslərdən öyrənmək lazımdır. Azərbaycanda artıq bir neçə sahibkar nəsli formalaşmışdır. PAŞA Bank tərəfindən qeyri-neft sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş "Biznes Klass" layihəsi sırf bu qrup insanlar üçün nəzərdə tutulmuşdur.
"Biznes Klass" layihəsi Azərbaycan biznesinin qapalı olması haqqında formalaşmış stereotipləri aradan qaldırır. Bir çox sahibkarlar artıq öz təcrübələrini bölüşməyə hazırdırlar. Çoxları kiçik biznesin inkişafına öz missiyaları kimi baxır və onun inkişafına xüsusi maraq göstərirlər. Rəqabətin mövcudluğu diqqəti cəlb edir, əsl sahibkar isə riski sevir və bazar rəqabətindən qorxmur.
PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova layihə haqqında fikirlərini bölüşmüşdür: "Dünyanın bir çox ölkələrində öz biznesi ilə məşğul olmaq istəyənlər üçün tanınmış sahibkarların uğur hekayələri əsas motivasiya mənbəyi olmaqdadır. Azərbaycanda bir sıra yeni, yaradıcı insanlar qrupu formalaşmağa başlayıb ki, onlar rəqabətə davamlı məhsullar istehsal etmək, istehlakçılar üçün xidmətlərin faydalılıq səviyyəsini artırmaq, satışların tənzimlənməsini uğurla həyata keçirmək bacarıqlarına malikdirlər. Biz onlara dəstək olduğumuzu göstərməyə, özlərində hər bir yeni başlanğıc üçün vacib olan cəsarət və ilham tapmağa kömək etməyə çalışırıq, biz bütün bu yolu onlarla birlikdə keçməyə hazırıq".
Uğurun sirləri
"Biznes Klass" layihəsi Azərbaycanın ən uğurlu sahibkarlarını müsahibəyə dəvət edir. Onlar iqtisadiyyatın müxtəlif sahələrini təmsil edirlər. Buraya öz fəaliyyətlərini 90-cı illərin Post-Sovet reallığının dağıntıları üzərində quran şirkətlərlə yanaşı, öz brendlərini rəqabətli bazar şəraitində yaratmağı bacarmış daha gənc bizneslər də daxildir.
Hər bir müsahibənin məzmunu özünəməxsusdur. Bu müsahibələr əsnasında izləyicilər müxtəlif sahələrin iş xüsusiyyətləri, fərqli şirkətlərin qurulması yolları, müxtəlif satış sistemlərinin xüsusiyyətləri, təsisçilərin psixoloji portreti, şəxsi motivasiya sirləri və vahid komandanın yaradılması üsulları haqqında məlumatlar ala bilərlər.
"Biznes Klass" müsahibələri il ərzində (yay ayları istisna olmaqla) müntəzəm olaraq təqdim olunacaqdır. Bu cür ardıcıllıq müxtəlif sahələri, təşkilati formaları, eləcə də Azərbaycan biznesinin, ölkə iqtisadiyyatının bütövlükdə necə irəli aparılması və xaricdə ölkə imicinin necə formalaşdırılması prosesinin izlənməsinə imkan yaradacaq.
YouTube-da "Biznes Klass" kanalına abunə ola bilərsiniz: www.youtube.com/azbiznesklass Twitter vasitəsilə anonslarımızı izləyə və qonaqlarımıza suallarınızı göndərə bilərsiniz: https://twitter.com/pashabank
İlk buraxılışda "Ali&Nino" kitab dükanları və kafelər şəbəkəsinin təsisçisi Nigar Köçərli ilə müsahibəni izləyə bilərsiniz.