...

Zaqatala, Balakən və Qax rayonlarında vergi dostları ilə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2014 16:32 (UTC +04:00)
İyun ayının 4-5-də Azərbaycan Respublikasında vergi siyasəti, onun əsas istiqamətləri, vergi ödəyicilərinə göstərilən xidmətlər, “Vergi dostları” layihəsi ilə əlaqədar 13 saylı Ərazi Vergilər İdarəsi və layihə iştirakçıları tərəfindən görülmüş işlər, problem və nəticələr mövzusunda Zaqatala, Balakən və Qax rayonlarında "dəyirmi masa" keçirilmişdir.
Zaqatala, Balakən və Qax rayonlarında vergi dostları ilə görüş keçirilib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

İyun ayının 4-5-də Azərbaycan Respublikasında vergi siyasəti, onun əsas istiqamətləri, vergi ödəyicilərinə göstərilən xidmətlər, "Vergi dostları" layihəsi ilə əlaqədar 13 saylı Ərazi Vergilər İdarəsi və layihə iştirakçıları tərəfindən görülmüş işlər, problem və nəticələr mövzusunda Zaqatala, Balakən və Qax rayonlarında "dəyirmi masa" keçirilmişdir.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov tədbiri açaraq Azərbaycanda 2013-2020-ci illərdə vergi siyasətinin əsas istiqamətləri, ölkəmizin vergi sisteminin real vəziyyəti və onun perspektiv inkişaf təmayülləri haqqında "dəyirmi masa" iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, Vergilər Nazirliyi vergilərə dair problemlərinin açıq dialoq şəraitində müzakirəsi üçün geniş imkanlar yaradır və bu yeni platforma olduqca səmərəli nəticələr verir. Məqsəd milli vergi sisteminin dünya standartlarına uyğunlaşdırılması və ən müasir texnoloji əsaslarda inkişaf etdirilməsi ilə bağlı vergi ödəyiciləri və vergi orqanı əməkdaşlarının iştirakı ilə qarşılıqlı etimad şəraitində müzakirələrin aparılması, könüllü əməletmə səviyyəsinin artırılmasıdır. Bu işlərin xüsusən vergi orqanlarının və vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzlərindən kənarda olan kənd və qəsəbələrdə daha da gücləndirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən 2012-ci ildən etibarən "Vergi dostları" layihəsinin tətbiqinə başlanılmışdır.

Qeyd olunmuşdur ki, indiyədək respublikanın 53 rayonu üzrə 1541 nəfər müəllimə müvafiq təlim keçilmiş və "vergi dostu" sertifikatı təqdim olunmuşdur. "Vergi dostu" olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir, vergilərə dair metodiki kabinetlərdə təşkil olunan görüş və treninqlərdə iştirak edir və s. "Vergi Dostu" namizədi kimi müəyyənləşdirilmiş şəxslər qruplara bölünərək müvafiq ƏVİ tərəfindən Vergi ödəyicilərinə xidmət mərkəzlərində keçirilən təlim kurslarına cəlb edilirlər. "Vergi dostu" seçilmək üçün yaşı 24-60 arasında olan müəllim ən azı 2 il pedaqoji staja, işlədiyi kollektivdə və yaşadığı ərazidə müsbət imicə, vergilər barədə anlayışlara, informasiya texnologiyalarından istifadə bacarıqlarına malik olmalıdır.

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlər barədə məlumat vermiş, gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə danışmışdır. Qeyd olunmuşdur ki, "Vergi dostu" seçilmiş müəllimlərin fəaliyyətinin əlaqələndirilməsi, eləcə də gördükləri işlər barədə operativ məlumat vermək imkanlarının genişləndirilməsi, bu sahədə təcrübələrini bölüşmələri məqsədilə "facebook" sosial şəbəkəsində "Vergi Dostları" qrupu yaradılmışdır. Hazırda qrupun 900-dən artıq üzvü vardır. Yerli vergi orqanlarının "vergi dostları" ilə keçirdikləri tədbirlərin rəsmiləşdirilməsi məqsədilə AVİS-in Xidmət altsistemində "Keçirilən tədbirlər" bölməsinə "Vergi dostları ilə keçirilən görüşlər" filtri əlavə edilmişdir.

"Vergi dost"ları kimi seçilmiş müəllimlər ötən müddət ərzində görülən işlər və layihə çərçivəsində keçirdikləri tədbirlər, məlumatlandırma formaları barədə məlumat vermişlər. Bu tədbirlərə vergilərlə bağlı məsələlərin tərtibi, şagirdlərin bələdiyyə nümayəndələrindən müsahibə götürülməsi və s. misal ola bilər. "Vergi dostu" seçilmiş müəllimlərin fəaliyyətinin əlaqələndirilməsi, nəzarətin təşkili məqsədilə 50 metodist müəyyən edilmişdir.

Layihə çərçivəsində Vergilər Nazirliyinin nümayəndələri Zaqatala rayonunun Car kəndini, Balakən rayonunun Hənifə kəndini və Qax rayonun İlisu kəndini təmsil edən vergi dostlarının təşkil etdiyi "açıq dərs"də iştirak etmiş, onlara öz tövsiyələrini vermişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti