...

Naxçıvandan İrana çuğundur ixracı bərpa olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2014 13:04 (UTC +04:00)
Yaxın zamanlarda Naxçıvan Muxtar Respublikasından İranın Qərbi Azərbaycan əyalətində yerləşən Xoy şəkər zavoduna çuğundur ixracı bərpa olunacaq.
Naxçıvandan İrana çuğundur ixracı bərpa olunacaq

İran, Urmiya, 25 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

Yaxın zamanlarda Naxçıvan Muxtar Respublikasından İranın Qərbi Azərbaycan əyalətində yerləşən Xoy şəkər zavoduna çuğundur ixracı bərpa olunacaq. Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan əyalətinin başçısı Qurbanəli Səadət bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

Q.Səadət bildirib ki, sözügedən zavod əvvəllər şəkər çuğundurunu Naxçıvandan alırdı. Bir müddətdir ki, Naxçıvandan bu zavoda çuğundur ixracı dayanıb: "Bu işin cari ildə reallaşdırılması barədə razılığa gəlinmişdi. Amma gec olduğu üçün qaldı. Yenidən Naxçıvandan çuğundurun Xoy şəkər zavoduna gətirilməsi prosesi bərpa olunacaq".

Qeyd edək ki, 2011-ci ildə Naxçıvan Muxtar Respublikasından İranın Qərbi Azərbaycan əyalətinə çuğundur ixrac edilirdi. Azərbaycan və İran arasında imzalanmış müqaviləyə əsasən, Naxçıvandan İranın Qərbi Azərbaycan əyalətinə ildə 40 min ton çuğundur ixrac olunurdu. Bunun üçün Naxçıvan MR-də 1600 hektar ərazidə çuğundur əkilməsi haqqında saziş imzalanmışdı. Naxçıvandan gətirilən çuğundur İranın Xoy şəkər zavodunda emal olunurdu.

Q.Səadət Qərbi Azərbaycan əyalətində mövcud olan iqtisadi, sənaye və turizm potensialından da danışıb: "Əyalətin turizm potensialı böyükdür. Burada həm tarixi abidələr, həm də gözəl təbiət var. Tarixi abidələr əyalətin müxtəlif yerlərindədir".

Onun sözlərinə görə, əyalətdə iki böyük neft-kimya zavodu var ki, onlardan biri Maku Azad Ticarət Zonasında yerləşir: "Əyalətdə 2800 zavod fəaliyyət göstərir və onlar ayrı-ayrı şəhərlərdə yerləşir, lakin böyük əksəriyyəti Xoy, Mahabad və Urmiyadadır".

Qərbi Azərbaycan əyalətində kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərdən danışan Q.Səadət deyib ki, əyalət əkinçilik, bağçılıq, maldarlıq sahəsində keçirilən müsabiqələrdə dəfələrlə ilk yerləri tutub.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan əyaləti üç ölkə - Azərbaycan, Türkiyə və İraqla həmsərhəddir. Burada istehsal olunan məhsulların 70 faizi İraqa ixrac edilir. Bundan başqa, Türkiyə, Azərbaycan və digər ölkələrə də məhsul ixrac olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti