...

Avropa İnvestisiya Bankı Azərbaycana dəstək verməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2014 16:09 (UTC +04:00)
Avropa İnvestisiya Bankı (EIB) Azərbaycana sənayenin inkişafı və iqtisadiyyatının şaxələndirilməsində dəstək verməyə hazırdır.
Avropa İnvestisiya Bankı Azərbaycana dəstək verməyə hazırdır

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir Azad Həsənli/

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycana sənayenin inkişafı və iqtisadiyyatının şaxələndirilməsində dəstək verməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə EIB-in Şərq Qonşuluğu və Mərkəzi Asiya ölkələri Departamenti rəhbərinin müavini Yani Pyetikaynen Bakıda keçirilən "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransı çərçivəsində "Azərbaycanın investisiya imkanları və sənayenin hərtərəfli və davamlı inkişafı üçün əməkdaşlığın gücləndirilməsi" adlı üçüncü panelin gedişində bildirib.

O deyib ki, EIB Avropa İttifaqının (Aİ) siyasətinin hədəflərinə dəstək üçün yaradılıb: "Və biz Avropa İttifaqını Azərbaycanla, xüsusilə təhsil, kənd təsərrüfatı, regional inkişaf sahəsində əməkdaşlıqda dəstəkləməyə hazırıq. Biz əsas prioriteti sənayenin inkişafı və iqtisadiyyatın şaxələndirilməsi olan ölkənin inkişafının strateji hədəflərini tez-tez dinləyirik. Biz müxtəlif səviyyələrdə bu layihələri dəstəkləyə bilərik".

Onun sözlərinə görə, bank Azərbaycana təhsil sahəsində də maliyyə və texniki yardım göstərə bilər: "Biz Avropada təhsil sahəsində əsas maliyyə mənbəyiyik. Bundan başqa, bank insan resurslarının inkişafını, [ölkədə] müəllimlərin təlimini və s. dəstəkləyə bilər".

Y.Pyetikaynen qeyd edib ki, Avropa İnvestisiya Bankı Azərbaycanda nisbətən yeni oyunçudur: "Azərbaycan hökuməti ilə çərçivə sazişi bu ilin yanvarından qüvvəyə minib və ölkədə ilk kredit sazişi "AccessBank" ilə imzalanıb".

Onun sözlərinə görə, ümumilikdə ötən il bankın portfeli 72 milyard avroya yaxın təşkil edib: "Vəsaitlərin 10 faizə yaxını Aİ hüdudlarından kənarda verilib ki, bu vəsaitdən də təxminən iki milyard "Şərq tərəfdaşlığı" ölkələrinə təqdim olunub. 2014-2015-ci illərdə bank "Şərq tərəfdaşlığı" ölkələrinə 4,8 milyard avro vəsait verəcək".

İki günlük konfransın işində Azərbaycan hökumətinin, MDB, Aİ ölkələrinin, İran, Səudiyyə Ərəbistanı, Türkiyə, AYİB, Asiya İnkişaf Bankı, UNIDO, GUAM, Dünya Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, BMT və bir sıra yerli və xarici şirkətlərin nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti