...

"Təmiz Şəhər" mükafat aldı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2014 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BBMTYZ) ekoloji təmiz texnologiyaların və çoxpilləli filtr sisteminin tətbiqinə görə "Təmiz Şəhər" ASC xüsusi mükafata layiq görülüb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mükafatı "Təmiz Şəhər" ASC-yə Bakıda keçirilən "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" Beynəlxalq Sənaye Konfransı çərçivəsində təşkil olunmuş sənaye müəssisələrinin mükafatlandırılması mərasimində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev təqdim edib.

BBMTYZ-də məişət tullantıları ətraf mühiti çirkləndirmədən yandırılır və əldə edilən istilik enerjisindən elektrik enerjisi istehsal olunur. Bu müəssisədən alınan enerji ilə təxminən Sumqayıt şəhərinin əhalisini elektriklə təmin etmək mümkündür.

Sənaye müəssisələrinin mükafatlandırılması mərasimində aqrar, qida, yüngül, ağır və mebel sənaye sahələrinin inkişafı, neft-kimya sənayesinin modernləşdirilməsi, tikinti materiallarının istehsalı sahəsində innovasiyaların və müasir texnologiyaların tətbiqi, sənaye sahəsinə irihəcmli investisiya qoyuluşu, regionlarda rəqabətqabiliyətli istehsalın qurulması, ixracyönümlü avadanlıq istehsalının inkişafı, ekoloji təmiz texnologiyaların tətbiqi sahəsində fərqləndiklərinə görə ümumilikdə 23 yerli şirkət mükafata layiq görülüb.

Qeyd edək ki, tədbir Azərbaycan Prezidentinin 12 mart 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti