...

Bakıda keçid dövrü iqtisadiyyatının perspektivləri və imkanları müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2015 15:36 (UTC +04:00)
Azərbaycan hökumətinin nümayəndələri martın 17-də “The Economist Events” tərəfindən Bakıda təşkil olunacaq Azərbaycan İnvestisiya Forumunda iştirak edəcəklər.
Bakıda keçid dövrü iqtisadiyyatının perspektivləri və imkanları müzakirə olunacaq

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Azərbaycan hökumətinin nümayəndələri martın 17-də "The Economist Events" tərəfindən Bakıda təşkil olunacaq Azərbaycan İnvestisiya Forumunda iştirak edəcəklər.

Trend-in məlumatına görə, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, iqtisadiyyat və sənaye nazirinin müavini xanım Sevinc Həsənova, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə və neft gəlirlərindən asılı olmadan inkişafı ilə bağlı keçiriləcək müzakirədə iştirakını təsdiq etmiş hökumət nümayəndələri sırasındadırlar.

Bu ilin martın 17-də dünyanın 150-dən çox biznes lideri və investoru Azərbaycan İnvestisiya Forumu çərçivəsində "The Economist Events"in təşkilatçılığı ilə keçiriləcək iqtisadiyyatın keçid dövrü ilə bağlı yaranmış daxili və xarici perspektiv və imkanların müzakirəsində iştirak etmək üçün Bakıda toplaşacaq.

Sürətlə dəyişən geosiyasi tendensiyalar nəticəsində Azərbaycan çoxsaylı xarici təzyiq və təsirlərə məruz qalan regionun mərkəzində qərarlaşıb. Buna baxmayaraq, dövlət öz iqtisadi və siyasi müstəqilliyini qoruyub saxlaya bilib. İqtisadiyyatın çoxşaxəli inkişaf startegiyasını hədəf olaraq seçmiş Azərbaycan hökuməti, regional və beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlığa hər zaman açıqdır.

"The Economist" jurnalının redaktoru Con Endryusun (John Andrews) sədrliyi ilə keçiriləcək müzakirə forumu aparıcı dövlət xadimlərinin neft iqtisadiyyatının diversifikasiya imkanları və Azərbaycanın regionda idman, təhsil, texnologiya və mədəniyyət mərkəzinə çevrilmə vasitələri mövzularında açılış çıxışları ilə başlayacaq.

Forumda, həmçinin idman, bank, texnologiya, investisiya, istehsalat və təhsil sahələrinin görkəmli nümayəndələri iştirak edəcəklər. Onların sırasına Bakı-2015 Avropa Oyunlarının icraçı direktoru Saymon Kleq (Simon Clegg), Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, "Paşa Bank"ın İdarə Heyətinin sədri Fərid Axundov, "Holcim" şirkətinin Avropa regionu üzrə rəhbəri Horia Adrian (Horia Adrian), Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı iqtisadçı eksperti Dmitri Qvindadze (Dimitri Gvindadze), Azərbaycan Futuroloq Cəmiyyətinin rəhbəri xanım Reyhan Hüseynova, Dünya Bankının Azərbaycan, Avropa və Mərkəzi Asiya üzrə nümayəndəliyinin rəhbəri xanım Larisa Leşenko, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə rabitə, xarici əlaqələr və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov, "Khazar Ventures" şirkətnin təsisçisi Məmməd Kərimov, ADA Universitetinin rektoru Hafiz Paşayev, "Azercell Telecom"un icraçı direktoru Vahid Mürsəliyev, "Ernst & Young" şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rüfət Məmmədov, İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağası və "Red Communications" agentliyinin baş direktoru xanım Tatyana Mikayılova daxildirlər.

Qeyd edək ki, 2015-ci ilin martın 17-də Bakının "Four Seasons" hotelində "The Economist Events"in təşkilatçılığı ilə keçiriləcək Azərbaycan İnvestisiya Forumunun sponsorları qismində "Paşa Bank" və "Ernst & Young" çıxış edir. Çıxış edənlərin tam siyahısı, forumun yenilənmiş proqramı və tədbirə qeydiyyatdan keçmək üçün www.azerbaijansummit.economist.com internet səhifəsini ziyarət edin.

Əlavə məlumat əldə etmək və KİV nümayəndələrinin tədbirə qeydiyyatdan keçməsi üçün müraciət edin:

"The Economist Events" - strateji məsələlərin həlli istiqamətində yeni ideya axtarışında olan yüksəkvəzifəli rəhbərlərin iştirakı ilə beynəlxalq tədbirlərin aparıcı təşkilatçısıdır. Tədbirlərin siyahısına müəyyən sahələrə aid olan mətbuat konfransları, idarə edənlər üçün və bütün dünya hökumətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masalar daxildir. "The Economist Group"a daxil olan və 162 illik tarixə və qüsursuz ada malik olan "The Economist Events" mühüm nailiyyətlər və müstəqil mövqe hesabına tanınmış və nüfuzlu brend hesab edilir. "The Economist Events" tərəfindən təşkil olunmuş hər bir layihə hadisələrin obyektiv və doğru təhlilini təmin edir. Şirkətin tədbirləri yüksək səviyyədə təşkil olunur və yüksəkvəzifəli rəhbərləri müzakirə olunan məsələ ilə bağlı əlavə məlumatla təmin edir, həmçinin fikir mübadiləsi və strateji yanaşmaları müqayisə etmək imkanını yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti