Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Azad Həsənli/
Azərbaycan bankları üçün açıq valyuta mövqeyi limitinin ləğv edilməsi milli valyutada kreditlərin verilməsini asanlaşdıracaq. Bunu Trend-ə "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədr müavini Turan İsmayılov deyib.
Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün açıq valyuta mövqeyi limitinin müəyyənləşdirilməsinin 2016-cı ilin əvvəlinədək dayandırılması haqqında məktub yayıb.
Onun sözlərinə görə, bu qərarın AMB-nin məzənnə siyasəti ilə heç bir əlaqəsi yoxdur, burada söhbət bankların valyuta risklərindən gedir: "İndiyədək xarici valyutada və manatda valyuta mövqeyi ilə bağlı kapitala məhdudiyyətlər tətbiq edilirdi və bankın bu və ya digər valyutada nə qədər aktiv və passivinin ola biləcəyinə dair müəyyən nisbət təyin edilib. Hazırda qaydaların bu hissəsi 2016-cı il yanvarın 1-dək dayandırılıb".
T.İsmayılov qeyd edib ki, manatın məzənnəsinin dəyişməsindən sonra ölkə əhalisi vəsaitlərinin bir hissəsini dollara keçirdi, lakin kreditlərin böyük hissəsi manatda verildiyindən bir çox banklar AMB-nin normativləri çərçivəsindən çıxdılar: "Bu nisbətə görə banklar kreditləri manatda verə bilmirdilər, kreditləri dollarda vermək və ya AMB-nin normativ tələblərini pozmaq məcburiyyətində qalırdılar. Lakin hazırda banklara kreditləri manatla vermək daha asan olacaq".
Onun sözlərinə görə, bu qərar kreditlər üzrə faiz dərəcələrinə aid edilməyəcək və bazarda valyutanın kursu ilə əlaqəsi yoxdur.