Azərbaycan, Bakı, 8 avqust /Trend/
Biləsuvar və Şabran rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin respublikanın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərin davamı olaraq avqustun 7-də Biləsuvar rayonunun Səmədabad və Şabran rayonunun Sumağa kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.
Biləsuvar rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 463 abonenti olan Səmədabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22429 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 463 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Şabran rayonunun Sumağa kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Vurğulanıb ki, 42 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 2825 metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.