...

Azərbaycanla Panama arasında enerji sahələrində əməkdaşlıq üçün əlverişli imkanlar var

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2015 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Panamaya rəsmi səfəri çərçivəsində oktyabrın 5-də Panamanın ticarət və sənaye nazirinin vəzifələrini icra edən Nestor Qonzales ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Panama arasında iqtisadiyyat, nəqliyyat, sərmayə qoyuluşu və enerji sahələrində əməkdaşlıq üçün əlverişli imkanların olduğu qeyd olunub.

Nestor Qonzales Panamanın Mərkəzi və Cənubi Amerika regionunda iqtisadi artım göstəricisinə görə aparıcı dövlət olduğunu bildirərək, Panama Hökuməti tərəfindən həyata keçirilən tədbirlər və xarici sərmayəçilərin cəlb edilməsi üçün yaradılmış münbit şərait haqqında danışıb. Panamanın gəlirlərinin əsas hissəsinin Panama kanalından əldə edildiyini qeyd edən nazir Azərbaycandan olan sərmayəçilər və şirkətlərin də sözügedən kanalın infrastrukturu və xidmət sektorunda fəaliyyət göstərmələrinin mümkünlüyünü diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirərək, iqtisadi-ticarət əlaqələrinin təşviqi üçün biznes forumlarının keçirilməsinin və biznes missiyalarının mübadiləsinin əhəmiyyətli olacağını vurğulayıb. O, həmsöhbətinə Azərbaycanın iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafı, rəqabətə davamlılıq göstəriciləri və xarici sərmayəçilər üçün yaradılmış cəlbedici imkanlar haqqında ətraflı məlumat verib.

Tərəflər Azərbaycanın enerji sahəsində zəngin təcrübəsini nəzərə alaraq, bu sahədə də əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti