Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Azad Həsənli/
Azərbaycanda vergi güzəştlərinə yenidən baxılması məsələsi kiçik və orta sahibkarları əhatə etməyəcək.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında 2016-cı il və növbəti 3 il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, vergi güzəştlərinə yalnız iri layihələr çərçivəsində yenidən baxıla bilər.
S.Şərifov qeyd edib ki, sahibkarlığın inkişafı üçün reallaşdırılması planlaşdırılan bəzi təşəbbüslər var: "Tikinti, ictimai iaşə və ticarət sahələrində vergitutmanın sadələşdirilməsi planlaşdırılır ki, bu da sahibkarlığın inkişafına əlavə təkan verəcək və nəticədə dövlət büdcəsinin gəlirlərinin artmasına gətirib çıxaracaq".
Xatırladaq ki, S.Şərifov daha əvvəl bəyan etmişdi ki, gələn il, eləcə də 2017-2019-cu illərdə bir sıra sahələrdə vergi və gömrük güzəştlərinə yenidən baxmaq, bəzi hallarda isə məhdudlaşdırmaq planlaşdırılır.