Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
Bir neçə ay davam edən layihə üzrə intensiv işlərin icrasından sonra "AccessBank" uğurla yeni innovativ "myAccess" internet bankçılıq xidmətini istifadəyə verib.
Bankdan Trend-ə verilən məlumata görə, artıq müştərilər bu xidmətdən faydalana bilər. Yeni "myAccess" xidməti Mərkəzi Avropada internet bankçılıq sistemlərinin hazırlanması üzrə aparıcı şirkətlə birlikdə işlənib hazırlanıb. Bu təchizatçı daha əvvəl bu cür layihələri dünyanın iri bankları üçün həyata keçirərək onlara yerli bazarlarda internet bankçılıq üzrə aparıcı mövqe tutmağa imkan yaradıb.
Layihənin təqdimat mərasimində "AccessBank"ın İdarə Heyətinin sədr müavini, pərakəndə bankçılıq və əməliyyatlar üzrə məsul şəxs Anar Həsənov yeni sistemin istifadəyə verilməsini şərh edərək bildirib: "myAccess" xidmətinin uğurla istifadəyə verilməsi bir daha göstərir ki, hətta bazarda hökm sürən hazırkı mürəkkəb şəraitə rəğmən, "AccessBank" çoxsaylı müştərilərin artan tələbatlarını qarşılamaq məqsədi ilə onlara elektron bankçılıq üzrə ən qabaqcıl xidmətlər təklif etmək üçün müasir bank texnologiyasına sərmayə yatırmaqda davam edir".
"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, Almaniya "LFS Financial Systems GmbH" konsaltinq şirkəti və "AccessHoldinq" tərəfindən yaradılıb. "AccessBank" Azərbaycanda aparıcı bank olaraq tam çeşidli xidmətlər təklif edir, ölkə üzrə geniş filiallar şəbəkəsinə malik bankda 2000-dən artıq əməkdaş çalışır. "FitchRatings" agentliyi "AccessBank"ı Azərbaycan bankları arasında ən yüksək reytinq hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.