Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
Dövlət müəssisələrində korporativ prinsiplərin tətbiqi istiqamətində müvafiq tədbirlər davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirlik tərəfindən Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqinə dair təlimlər keçirilir.
İSN-nin təşkilatçılığı ilə növbəti təlim oktyabrın 14-də "Korporativ sosial məsuliyyət - Maraqlı şəxslər" mövzusunda keçirilib. Tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.
Təlimdə İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə korporativ sosial məsuliyyətin mahiyyəti və əhəmiyyəti, onun əhatə etdiyi sahələr, maraqlı şəxslər, şəffaflıq prinsipinin reallaşdırılması, məlumatların açıqlanması və s. barədə məlumat vermiş, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırıb.
Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı indiyədək 38 istiqamət üzrə 8 təlim keçirilib.