Bakı. Trend:
ASC "Xalq" Bankı plastik kart müştərilərinin internet vasitəsi ilə apardığı ödəmə əməliyyatlarının təhlükəsizliyini artırmaq və internet şəbəkəsində baş verən dələduzluq hallarından qorumaq məqsədi ilə qabaqcıl texnologiyaların imkanlarından istifadə edir. Bankdan Trend-ə veriln məlumata görə, Bankın qoşulduğu "3D Secure" xidmətinin köməyi ilə kart sahibinin autentifikasiyası yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi "3D" şifrəsi vasitəsilə "AzeriCard" prosessinq mərkəzinin mühafizə olunan səhifəsində aparılır.
"3D Secure" təhlükəsizlik standartını dəstəkləyən saytlarda mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri www.azericard.com səhifəsinə keçir, orada "3D" şifrəsini daxil edir və yalnız şifrənin təsdiqindən sonra ödəniş həyata keçir.
"3D Secure" xidmətinə qoşulmaq üçün kart sahibləri qeydiyyatdan keçməlidir. Bunun üçün müştərilər istənilən bankomatın XİDMƏTLƏR menyusuna daxil olub, ordakı "İB və 3D SECURE PAROLLARI" bölməsini seçməli və birdəfəlik şifrələr qeyd edilmiş çeki çap etməlidirlər. Bankın "SMS-məlumatlandırma" xidmətinə qoşulmuş müştərilərə isə daimi şifrə SMS vasitəsilə göndərilir.
Həmin şifrə həm qeydiyyatdan keçmək üçün, həm də internetdə ödənişlər aparmaq üçün istifadə olunur. Xidməti aktivləşdirmək üçün müştəri https://acs.3dsecure.az/way4acs/enroll səhifəsində qeydiyyatdan keçir və sonra həyata keçirdiyi hər onlayn ödəniş zamanı sistemin tələb etdiyi şifrəni daxil edir. Müştəri bununla ödənişin tam təhlükəsizliyini təmin edir və dələduzluq risklərini minimuma endirir. Ödəniş üçün şifrələr müştərinin seçiminə görə bankomatdan (menyunun "İB və 3D SECURE PAROLLARI" bölməsindən) və yaxud SMS vasitəsi ilə (kart "SMS-məlumatlandırma" xidmətinə qoşulduqda) əldə oluna bilər.
"3D Secure" haqqında daha ətralı məlumatı www.xalqbank.az intrenet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.