...

Azərbaycan ABŞ şirkətlərini işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətdən çəkinməyə çağırdı (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2015 13:20 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

ABŞ şirkətləri işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətdən çəkinməlidirlər.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan-ABŞ işgüzar görüşündə deyib: "Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bizim üçün ən vacib məsələdir. Bildiyiniz kimi, Ermənistan ərazimizin 20 faizini işğal edib və hazırda xarici şirkətləri işğal edilmiş ərazilərə sərmayə qoymağa təhrik edir. İstərdik ki, Amerika şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz sərmayə qoymaqdan çəkinsinlər".

Nazir müavini hesab edir ki, Amerika şirkətləri Ermənistanın yaratdığı şouların qurbanlarına çevrilməməlidirlər: "İşğal edilmiş ərazilərdə istənilən fəaliyyət bütün beynəlxalq normaların pozulmasıdır".

S.Babayevin sözlərinə görə, bəzi hallarda Ermənistan tərəfi müxtəlif şirkətləri Yerevana dəvət edərək sonra ölkənin regionlarına baş çəkməyi təklif edib, lakin həmin şirkətlərin nümayəndələrini Dağlıq Qarabağa aparıb və ora sərmayə qoymağa çağırıb. Bir daha vurğulamaq istəyirəm ki, bu ərazilərdə istənilən fəaliyyət beynəlxalq normaların pozulması deməkdir və Azərbaycan bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün bütün zəruri tədbirləri görəcək".

S.Babayev diqqətə çatdırıb ki, ABŞ və Azərbaycan arasında siyasi və iqtisadi sahədə çox sıx əlaqələr mövcuddur: "ABŞ-ın Azərbaycan sərmayələri 10 milyard dollar təşkil edir, bunun 1 milyard dolları qeyri-neft sektoruna qoyulub. ABŞ bizimlə aviasiya sahəsində fəal əməkdaşlıq edir. Bu illər ərzində Azərbaycan ABŞ-dan 6 təyyarə alıb".

Nazir müavini əlavə edib ki, Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün bütün şərait yaradılıb: "Ölkədə təkcə iki ölkənin şirkətlərinin əməkdaşlığı üçün deyil, həm də birgə müəssisələrin yaradılması üçün hər cür şərait var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti