...

Tehranda Astaraçay üzərində dəmir yolu körpusunün inşası ilə bağlı müzakirələr aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2015 08:42 (UTC +04:00)
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaraçay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikintisi layihəsi üzrə Azərbaycan və İran Dəmir yollarının İşçi qrupunun iclası keçirilib.
Tehranda Astaraçay üzərində dəmir yolu körpusunün inşası ilə bağlı müzakirələr aparılıb

Bakı. Trend:

Dekabrın 21-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaraçay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikintisi layihəsi üzrə Azərbaycan və İran Dəmir yollarının İşçi qrupunun iclası keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov iclasda çıxış edərək bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi çıxış edərək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirib.

Sonra "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaraçay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikintisi layihəsi müzakirə olunub.

Müzakirələr zamanı bildirilib ki, tərəflər 8-9 noyabr 2015-ci il tarixdə Tehran şəhərində mütəxəssislərin keçirdiyi iclasın protokolunun maddələrinin qüvvədə qaldığını təsdiq edirlər. İran tərəfi 14.12.2015-ci il tarixdə körpünün layihəsinin 5 variantını Azərbaycan tərəfinə təqdim edib, Azərbaycan tərəfi 16.12.2015-ci il tarixdə ikinci variantı (3x26,75) seçərək qəbul etdiyi barədə İran tərəfinə məlumat verib.

İclasın sonunda müvafiq protokol imzalanıb.

Protokola əsasən, qərara alınıb ki, İran tərəfi geologiya işlərinin Azərbaycan ərazisində icrasının təşkil olunması məqsədilə Azərbaycan sərhədini keçəcək işçilərinin pasport məlumatlarını Azərbaycan tərəfinə təqdim etməlidir. Eyni zamanda Azərbaycan tərəfi müvafiq orqanlardan İran mütəxəssislərinin Azərbaycan sərhədinə girişini təmin edəcək. Bununla bağlı 25-27 dekabr tarixlərində tərəflərin mütəxəssislərinin görüşü təşkil ediləcək.

Müzakirələrdən sonra qərara alınıb ki, Azərbaycandan İrana gedən istiqamətdə 1520 mm standartlı dəmir yolu xətti sağda, 1435 mm standartlı dəmir yolu xətti isə sol tərəfdə yerləşəcək. İrandan Azərbaycan istiqamətində isə 1520 mm standartlı dəmir yolu solda, 1435 mm standartlı dəmir yolu xətti isə sağda yerləşəcək.

Eyni zamanda, 27 dekabr 2015-ci ildə dəmir yolu və sərhəd xidmətinin səlahiyyətli nümayəndələrinin iştiraki ilə layihə yerində görüşün təşkil olunması və körpünün sıfır nöqtəsinin təyin olunması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti